Advertisement

Xəzərdə süni torpaq sahələri hansı məqsədlər üçün istifadə oluna bilər? – Deputat açıqladı

Bakı. Trend:

Xəzərdə süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni
imkanlar açacaq.

Trend-in məlumatına görə, bunu deputat Nurlan Həsənov Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün
keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin
yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.

Onun sözlərinə görə, dənizdə süni torpaq sahələrinin
yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur.

“Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə
hərbi məqsədlər üçün istifadə edirlər. Yaponiya süni adalardan
nəqliyyat məqsədilə istifadə edir. Süni adalar beynəlxalq
konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə
Azərbaycanda yeni imkanlara yol açacaq”, – deyə deputat əlavə
edib.

Qeyd edək ki, qanun layihəsində Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq
sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu
torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu
torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər
süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud
səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla
yaradılan torpaq sahəsi başa düşülür.