
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtında Abu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən
Yaşıl Hidrogen Sammitində iştirak edib.
Trend xəbər verir ki, “Yaşıl Hidrogen İqtisadiyyatlarını
Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrə
Nazirlər Panelində energetika naziri hidrogenin Azərbaycanın
transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas
komponentlərindən olduğunu qeyd edib.
Bildirilib ki, hidrogenin istehsalı, ondan istifadə Azərbaycanın
“təmiz ətraf mühitə malik yaşıl artım” ölkəsi kimi inkişaf
strategiyası, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na
çevrilməsi, həmçinin, Avropa İttifaqı ilə enerji tərəfdaşlığına
dair strateji sənədlərdə öz əksini tapır.
Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında
28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə “Masdar”, “ACWA
Power”, bp, Fortescue və digər beynəlxalq enerji şirkətləri ilə
imzalanmış əməkdaşlıq sənədlərində “yaşıl hidrogen” istehsalının da
nəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı ilə
yanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”,
“Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri
çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyi
bildirilib.
“Yaşıl hidrogen” ölkəmizin enerji təchizatında yeni mənbə və
dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək
karbon emissiyalarını 40% azalda bilməyimiz üçün mühüm əhəmiyyət
daşıyır.“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə
Azərbaycan “yaşıl hidrogen” üzrə də Aİ üçün etibarlı tədarükçü
olacaq”, – deyə nazir əlavə edib.
Bundan başqa, əlverişli, təhlükəsiz və “təmiz enerji” sisteminə
keçidin vacib hissəsi kimi hidrogen sənayesinin inkişafını təmin
edən amillərdən bəhs edilib. Azərbaycanın COP29-a sədrlik
missiyasının yaşıl hidrogenin inkişafına da maliyyə dəstəyini təmin
etməklə yaşıl enerji keçidinə töhfə verəcəyi bildirilib.



























