Advertisement

Parisdəki hədəfimiz mükafat qazanmaqdır – Millimizin oyunçusu

Bakı. Trend:

Honkonqdakı turnirə yolun başlanğıcı deməzdim. Bu, çox illər
əvvəl, ilk turnirimizdə Macarıstanda mübarizə aparanda olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu basketbolun 3×3 növü üzrə Azərbaycan
millisinin oyunçusu Dina Ulyanova deyib.

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirində Paris-2024-ə
lisenziya qazanan millimizin basketbolçusu Heydər Əliyev Beynəlxalq
Aeroportunda yığmanın qarşılanma mərasimində əldə olunan uğur
barədə fikirlərini açıqlayıb: “Elə idmançı yoxdur ki, Olimpiya
Oyunlarını xəyal etməsin. Ola bilər ki, hər səhər “sabah
Olimpiadaya gedəcəm” fikri ilə oyanmırsan. Amma öz üzərində
çalışırsan, komanda ilə birgə işləyirsən. Lakin bu fikir həmişə
başında olur. 10 il əvvəl də, indi də belədir. Həmişə bunu
arzulamışam, düşünmüşəm, can atmışam”.

Dina komandamızın mübarizliyini vurğulayıb: “Yarımfinaldan sonra
emosiyalarımı saxlaya bilmirdim. Həmişə inanırdım. Lakin hər görüş
gərgin keçirdi. Daim konsentrasiyalı olmaq lazım idi. Bizi ən
əzmkar komanda adlandırırdılar. Çünki bəzən elə olurdu ki, artıq
hər şey mümkünsüz görünür, 0:5 hesabı ilə uduzuruq və necə
toparlanacağımız sual doğurur. Amma biz konsentrasiya ola bilirdik
və matçdan qalib ayrılırdıq. Finaldan, Aleksandra Mollenhauerin
qələbə atışından sonra tamamilə 100 faiz hiss etdik ki, biz
Olimpiya Oyunlarına gedirik”.

Ulyanova Parisdəki hədəfi də açıqlayıb: “Parisdə dünyanın ən
güclü 8 komandası oynayacaq. Bir saniyə də arxayınlaşmaq olmaz.
İndi ola bilər ki, Honkonqda qalib olmağımızı hiss edib, dərk
etməliyik. Sonra isə bizi çox iş gözləyir. Dünyanın ən güclü
komandaları olacaq. Sakitləşmək olmaz. Hamı fəxri kürsü üçün
mübarizə aparacaq. Biz də mükafat qazanmağı heç kimdən az
istəmirik. Parisdəki hədəfimiz mükafat qazanmaqdır”.

Basketbolçu uğurun əsas mənbəyini də açıqlayıb: “Nə ilə isə
məşğul olmaq və uğura inanmamaq olmaz. İnam uğurun əsas mənbəyidir.
Öz işinə inanmalı və sevməlisən”.