
Bakı. Trend:
Aprelin 15-i ADA Universiteti nəzdində fəaliyyət göstərən
İnkişaf və Diplomatiya İnstitutu (“IDD”) tərəfindən təşkil edilən
“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi
keçirilib.
Proqram fəaliyyəti Xəzər regionu ilə bağlı olan 18 ölkənin
xarici diplomatlarını, akademik qurumlarının və beyin mərkəzlərinin
nümayəndələrini bir araya gətirib.
Təmsil edilən ölkələr sırasında Xorvatiya, Macarıstan, Moldova,
Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər
ölkələri qeyd etmək mümkündür.
Açılış mərasimində ADA Universitetinin prorektoru və eləcə də
İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə,
həmçinin onun müşaviri və “IDD”nin direktor müavini Aygün Hacıyeva
iştirakçıları salamlayıblar.
Prorektor Fariz İsmayılzadə qeyd edib ki, “Xəzər Hövzəsi
Araşdırmaları” proqramı müxtəlif qitələr arasında humanitar körpü
rolunu oynayır. Diplomatlara tək ölkəmizi deyil, geniş Xəzəryanı
regionu yaxından tanıdır. Çıxışçı əlavə edib ki, Macarıstan,
Moldova, Tacikistan, İordaniya, Pakistan və Braziliyanın ölkəmizə
təyin edilmiş səfirlərinin açılışda iştirak etməsi Proqrama olan
etimadın göstəricisidir.
Direktor müavini Aygün Hacıyeva ADA Universitetinin, İnkişaf və
Diplomatiya İnstitutunun və eləcə də bu gün açılışı baş tutan
Proqramın tarixçəsinə toxunub. Çıxışçı bildirib ki, “Xəzər Hövzəsi
Araşdırmaları” proqramının metodologiyası akademik və praktiki
yanaşmanı balansda saxlayaraq iştirakçıları qrup işinə və Xəzəryanı
ölkələr barədə araşdırmalar aparmağa sövq edir. Proqram bu yolla
fərqli qitələri təmsil edənlər arasında həm peşəkar əlaqələrin
qurulmasını təmin edir, həm də onların regionun tarix və
mədəniyyəti, etnik və demoqrafik quruluşu ilə bağlı biliklərini
dərinləşdirir.
Qeyd edək ki, iştirakçılar ADA Universitetinin professor-müəllim
heyətinin, “IDD”ni təmsil edən ekspertlərin, eləcə də müxtəlif
dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli
nümayəndələrinin mühazirələrini dinləyəcəklər. Həmin mühazirələr
regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin
bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual
mövzuları əhatə edəcək.
Proqram çərçivəsində iştirakçılar Qarabağ bölgəsinə səfər edərək
oradakı bərpa və quruculuq işlərini müşahidə edəcəklər.





























