Advertisement

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib – Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya
sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə
məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb.

– Mediada gedən məlumata və Rusiya Federasiyası
tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində
müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması
prosesinə başlanılmışdır. Bu məlumatı necə şərh
edərdiniz?

– 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata
əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq
yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin
ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali
rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses
başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin
qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.