Advertisement

UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb

Bakı. Trend:

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin
XI sinif şagirdi Məhəmməd Əliyev UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev
“İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində UNEC-də
təhsil almaq istədiyini bildirib. Bacısının UNEC-in Beynəlxalq
İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev,
onun müsbət rəyləri əsasında UNEC-i seçdiyini bildirib.

Rektor Ədalət Muradov imtahanlarda yüksək bal toplaması
münasibətilə Məhəmməd Əliyevi təbrik edərək, ona gələcək təhsilində
uğurlar arzulayıb. Savadlı gənclərin UNEC-də təhsil almasının
universitetin əsas hədəflərindən olduğunu deyən rektor, bu
istiqamətdə uğurlu nəticələrin olduğunu vurğulayıb. Rektor
abituriyentə Rəqəmsal UNEC-dəki təhsil imkanları, xüsusi təqaüd
imkanı, tələbə təşkilatları, xarici mübadilə proqramları,
tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə də
özünüinkişafla bağlı yaradılan imkanlar və digər üstünlüklərindən
bəhs edib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov isə
fakültədə tələbələr üçün yaradılan şərait, kompüter
laboratoriyaları, imtahan prosesi, karyera imkanları və s. barədə
məlumat verib.

Səmimi keçən görüşün sonunda rektor Ədalət Muradov Məhəmməd
Əliyevə UNEC-in neftlə çəkilmiş rəsmini hədiyyə edib.

Görüşdən sonra M.Əliyev UNEC-də infoturda olub, dərs və imtahan
prosesini izləyib.