
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin
Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət
bildirib.
Trend xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin
müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son
qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin
yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi
olmadığını diqqətə çatdırıb.
“Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və
ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu
prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq”, –
Dövlət Departamentinin rəsmisi qeyd edib.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya
sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını
təsdiqləyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya
sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə
məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası
sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl
çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar
qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya
Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq
tədbirləri həyata keçirirlər.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı
kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması
prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı
bir rəsmi açıqlama yox idi.
Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən
Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng
monastrını Azərbaycan polisi mühafizə edir.





























