
Bakı. Trend:
Azərbaycanın sədrliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) əsas vəzifələrinə mühüm töhfə
verəcək.
Bu barədə Trend-ə özəl müsahibəsində AQEM-in baş katibi Kayrat
Sarıbay deyib.
“Azərbaycanın AQEM-də sədrliyindən əsas gözlənti sülh, dialoq və
əməkdaşlığa imkan yaratmaqdır. Bu, beynəlxalq təşkilatımızın əsas
istiqaməti və vəzifələridir. Bu səbəbdən düşünürəm ki, Azərbaycanın
sədrliyi bəşər cəmiyyətinin bu əsas təməllərinə öz mühüm töhfəsini
verəcək”, – o deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT-dən başlayaraq Qoşulmama
Hərəkatına qədər bir çox regional və beynəlxalq strukturlarda sədr
qismində mühüm təcrübəyə malikdir, belə ki, ölkə bu yaxında
Qoşulmama Hərəkatına sədrlik etməklə hərəkata mühüm institusional
töhfə verib.
“Düşünürəm ki, Azərbaycanın sədrliyi illərində bizi maraqlı
günlər gözləyir. Siz iki mühüm tədbiri qeyd etdiniz. 2024-cü ildə
Xarici İşlər Nazirləri Şurasının keçiriləcəyini gözləyirik. İlkin
təsəvvür və razılaşmamız olduğundan, Azərbaycan hökuməti qlobal
ictimaiyyətin ekoloji gündəminin müzakirəsi üçün bütün dünyanın
Bakıya axın edəcəyi qlobal COP tədbirini (COP29) bu il AQEM
çərçivəsində əsas tədbir olan Xarici İşlər Nazirləri Şurası ilə
birləşdirərək, sinerji yaratmaq istəyir. Zənnimcə, bu yanaşma çox
uyğundur və AQEM-in mahiyyətini əks etdirir”, – o deyib.
Kayrat Sarıbay AQEM-in təkcə Asiya ilə məhdudlaşmadığını
bildirib.
“AQEM bütünlükdə qlobal inkişaf prosesidir. Üstəlik, Asiya
getdikcə beynəlxalq siyasət və iqtisadiyyatda daha nəzərəçarpan rol
oynayır. Bu səbəbdən bu ilk hadisədir. Digər mühüm hadisə 2026-cı
ildə keçiriləcək sammitdir. İlkin razılaşmaya əsasən, biz Bakıda
ilıq, möhtəşəm günəşli havanın olacağı 2026-cı ilin payızına
fokuslanacağıq. Çünki Bakı dünyada öz mehribanlığı və günəşli
havası ilə tanınır. Bu səbəbdən, düşünürəm ki, sammitə yeni maraqlı
qərarlar və Azərbaycanın sədrliyi müddətində yaranacaq mühüm
institutlarla iştirak edəcəyik”, – o deyib.
Baş katibin sözlərinə görə, Azərbaycanın sədrliyinin
prioritetləri bu ilin payızında AQEM-in Bakıda keçiriləcək XİN
başçılarının Şurasında təqdim olunacaq.
“Lakin artıq ehtimal edə bilirəm ki, bəzi mövzular, misal üçün
dayanıqlı qarşılıqlı asılılıq mövzusu təkcə hazırkı sədr olan
Qazaxıstan üçün, Təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə
etimad tədbirlərinin kataloqunun müvafiq istiqaməti üzrə
koordinator olaraq Azərbaycan üçün deyil, bütün AQEM məkanı üçün
aktualdır. Bu səbəbdən bu gün qarşılıqlı əlaqə ilə bağlı bu
çağırışlar göstərir ki, mümkün qədər çox alternativ kommunikasiya
yollarını inkişaf etdirməli, dəmir yolu, avtomobil və hava
yollarından, eləcə də, rəqəmsal və digər kommunikasiyalardan mümkün
qədər çox istifadə etməliyik”, – o deyib.
Kayrat Sarıbayın qeyd etdiyi kimi, Azərbaycan koordinator
qismində AQEM ölkələri arasında təhlükəsiz dəhlizlərin inkişafı ilə
bağlı qarşılıqlı əlaqələrin artırılması üzrə konsepsiya
hazırlayıb.
“Azərbaycan istər İşgüzar Şura, istərsə də Gənclər Şurası olsun,
bütünlükdə AQEM çərçivəsində müxtəlif forumlarda fəal şəkildə
iştirak edir. Bu səbəbdən qarşılıqlı əlaqələrin təmin olunması
baxımından çox addımlar atılır, lakin artıq dediyim kimi, bunlar
kifayət deyil. Pandemiya göstərdi ki, qarşılıqlı əlaqələrimizi
mümkün qədər çox və dərindən inteqrasiya etməliyik. Bu, təkcə
nəqliyyat dəhlizləri deyil, həm də ərzaq, dərman vasitələri, digər
hər hansı prioritet mallar üçün “yaşıl” dəhlizlərin təmin olunması
üçün gömrük qanunvericiliyinin, epidemioloji xidmətlərin
fəaliyyətinin, nəqliyyat şirkətlərinin harmonizasiyasıdır”, – o
deyib.
Baş katib AQEM-in daha ümumiləşmiş yanaşmaya malik olduğunu və
konkret tranzit marşrutlarının işlənilməsi üzrə layihə fəaliyyəti
ilə hələlik məşğul olmadığını qeyd edib.
“Bununla yanaşı, AQEM-ə üzv dövlətlər üçün ayrı-ayrı
prioritetlər aydındır və Mərkəzi Asiya ölkələri, Azərbaycan, eləcə
də, Gürcüstan və bildiyim qədərilə bu prosesə cəlb olunmaq istəyən
Ertmənistanın sıx əməkdaşlığından xəbərim var və yəqin ki, bu
düzgün olar, çünki regional sülhə, Mərkəzi Asiya ölkələrinin Cənubi
Qafqaz vasitəsilə və İpək Yolu mənbələrinin birləşdirməklə Türkiyə
və Avropaya çıxışına xidmət edəcək. Bu, bütünlükdə transkontinental
qarşılıqlı əlaqələrdə yeni səs olacaq”, – o deyib.
Onun sözlərinə görə, AQEM çərçivəsində ayrı-ayrı ölkələr məhz
konkret dəhlizlərin inkişafı üçün qabaqçıl çərçivə şərtləri
yaratmaq üçün qarşılıqlı asılılıq mövzusunu inkişaf
etdirəcəklər.
“Asiyada qarşılıqlı əlaqələr öz növbəsində qlobal səviyyədə
qarşılıqlı əlaqələrə imkan yaradacaq, çünki Asiya ən böyük, ən çox
məskunlşmış qitə olmaqla, bu gün texnoloji tərəqqinin liderlərindən
biridir. Zənnimcə, AQEM çərçivəsində konsepsiya olaraq qarşılıqlı
əlaqələrin inkişafı üçün ahəngdar çərçivə şərtlərini yarada bilsək,
hər bir ayrı dəhliz AQEM-in hər bir konkret üzv dövlətinə konkret
fayda gətirəcək”, – o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























