Advertisement

İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edildi

Bakı. Trend:

İranın Tehran vilayətində İmam Xomeyni Beynəlxalq Aeroportundan
uçuşlar bu gün saat 07:30-dan başlanaraq həyata keçirilir.

Trend xəbər verir ki, bunu İranın İmam Xomeyni Beynəlxalq
Aeroportunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Cavad Salehi
deyib.

Onun sözlərinə görə, İsrailin İrana hücum etməsi ehtimalı ilə
aeroportda uçuşların saat 05:30-dan 10:30-dək ləğv edilməsi nəzərdə
tutulmuşdu:

” Lakin vəziyyətin normallaşması ilə uçuşların ləğvi daha tez
dayandırılıb. Hazırda bu aeroportdan heç bir istiqamətdə uçuş
qadağası yoxdur. Sadəcə, BƏƏ-də baş verən güclü yağıntılara görə,
Dubay istiqamətində uçuşlar qadağandır”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu gün İranın dövlət KİV-də İsfahan, Şiraz və
Tehran şəhərləri üzərində uçuşlar dayandırıldığı barədə məlumat
yayılıb.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.