
Bakı. Trend:
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər
dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda
olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən digərini
onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan,
gəlirlərdən məhrum etməsi, iqtisadi asılılıq yaratması, belə
asılılığı saxlaması və ya ondan sui-istifadə etməsinə yönəlmiş
hərəkətlər başa düşülür.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı
maarifləndirici məlumatda qeyd olunub.
Məişət zəminində fiziki və psixi zorakılıq kimi bu kateqoriyadan
olan zorakılıq aktları da qəsdən törədilir və bu hərəkətlərə yol
verən şəxslərin məqsədi öz qurbanlarına qarşı iqtisadi xarakterli
qanunsuz məhdudiyyətlər tətbiq etməklə onların maliyyə resurslarına
çıxışını, bundan istifadəni yaxud ev, ailə təsərrüfatında maliyyə
məsələlərinə, habelə birgə əmlaka nəzarətini məhdudlaşdırmaqdan
ibarət olur.
Məişət zorakılığında qeyri-qanuni iqtisadi məhdudiyyətlərə
aşağıdakıları aid etmək olar:
1. Şəxsin maliyyə resurslarına, o cümlədən gəlirlərinə, bank
hesablarına və aktivlərinə nəzarətin həyata keçirilməsi. Bu,
qurbanın razılığı olmadan pulun tutulması, vəsaitə çıxışın
məhdudlaşdırılması və ya maliyyə qərarlarına nəzarəti əhatə edə
bilər. Bundan başqa, şəxsin dövlət tərəfindən verilən müavinətlər,
müxtəlif növ yardımlar yaxud digər sosial dəstək xidmətlərdən
istifadə, onları əldə etmə və ya yararlanmasına mane olmağı da qeyd
olunanlara misal göstərmək olar.
2. Şəxsin qida, yaşayış yeri və tibbi yardım kimi əsas
ehtiyaclarla bağlı maddi asılı olduğu vəziyyət və şərait yaratmaq.
Bu, qurbanın təhqiramiz münasibətdən çıxmasını və ya kömək
istəməsini çətinləşdirə bilər.
3. Şəxsin əmək fəaliyyəti, iş və karyera imkanlarına müdaxilə
etməklə maddi cəhətdən asılı vəziyyətə salmaq və ya bu vəziyyətdə
saxlamaq. Bu əsasən, qurbanın işləməsinə və ya karyera qurmasına
mane olmaq, müxtəlif üsullarla iş yerini tərk etməyə məcbur etmək
və digər əməllərdə ifadə olunur. Həmçinin, şəxsdə yetərsizlik,
çarəsizlik və s. bənzər hisslər yaratmaqla onların maddi gəlir əldə
etməsinə manə olmağı da qeyd olunanlara misal göstərmək olar.
4. Şəxsin maddi cəhətdən müstəqil olmasına mane olmaq və ya
qarşısını almaq. Bu əsasən, ailə və təsərrüfat xərclərini şəxsin
gəlirləri hesabına qarşılamaq, onun adına kreditlər götürmək,
müxtəlif yollarla qənaət etməklə və digər üsullarla maddi
vəziyyətinin sabitliyinin qarşısını almaqda ifadə olunur.
5. Şəxsin məlumatı və razılığı olmadan onun adına borc götürmək,
qurbanı sui-istifadə edənin xeyrinə borc götürməyə məcbur etmək,
onun maliyyə məlumatlarından qanunsuz məqsədlərlə istifadə etmək,
məqsədli olaraq maddi zərərə səbəb olacaq fəaliyyətlə məşğul olmaq,
bu cür fəaliyyətə cəlb etmək və s.
6. Şəxsin daşınmaz əmlak, nəqliyyat vasitələri, qiymətli əşyalar
və ya miras daxil olmaqla, birgə əmlakdan istifadəsinin qarşısını
almaq və ya qadağan etmək.
7. Şəxsin maddi vəziyyətini nəzarətdə saxlamaq, bu barədə
mütəmadi məlumat əldə etmək üçün uşaqlardan istifadə etmək. Bu
əsasən, uşaqla bağlı xərclərdən və ehtiyaclardan təsir vasitəsi
kimi istifadə etmək və digər formada özünü göstərir.
8. Şəxsin hərəkətlərinə nəzarəti həyata keçirmək yaxud
gücləndirmək məqsədilə maddi ziyan vurmaq, əmlakı girov qoymaq,
satmaq və s. hüquqi nəticələrlə hədələmək.





























