
Bakı. Trend:
Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il
Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Trend xəbər verir ki, bu barədə aprelin 19-da Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sərhəddə
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və
Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın
sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə
olunub.
Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində
təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür
qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə
müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).
Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi
razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən
anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam
etdirmək barədə razılığa gəliblər.
Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün
keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması
qərara alınıb.





























