
Vaşinqton. Trend:
Dünya Bankı (DB) ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütün
regionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına bundan sonra da
imkan yaradacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə
Heyətinin sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondu (BVF) və
Dünya Bankı Qrupunun (DBQ) Vaşinqtonda keçirilən yaz iclasları
çərçivəsində direktorlar qrupunun iclasında çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan inklüziv və dayanıqlı artımı təmin
etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qətiyyətli
kurs götürüb.
“Bu baxımdan mühüm irəliləyiş əldə olunub. Son 20 il ərzində
ümumdaxili məhsul (ÜDM) 5 dəfə artıb. Son iyirmi il ərzində
qeyri-neft məhsullarının ixracı təqribən 9 dəfə artıb. Qeyri-neft
sektoru 2022-ci illə müqayisədə 11 faiz artaraq 3,3 milyard dollara
çatıb. Strateji valyuta ehtiyatları 68,5 milyard dollar olaraq
dəyərləndirilir ki, bu da 2023-cü ildə 17 faiz artım deməkdir.
Azərbaycanın cari hesab balansının profisiti 8,3 milyard dollar
olub ki, bu da 2023-cü ildə ölkənin ümumi ÜDM həcminin 11,5 faizini
təşkil edir. AMB-nin proqnozlarının baza ssenarisinə əsasən,
2024-cü il üzrə cari hesab balansının profisiti təqribən 7 milyard
dollar, xarici ticarət profisiti isə 10,6 milyard dollar
səviyyəsində gözlənilir”, – deyə Mərkəzi Bankın sədri bildirib.
T.Kazımov Azərbaycanda illik inflyasiya səviyyəsinin azaldığını
əlavə edib.
“2024-cü ilin fevral ayında 12 aylıq inflyasiya 0,8 faiz, 12
aylıq baza inflyasiyası isə 1,4 faiz olub. İdxal məhsullarının
qiymətlərinə dolayı təsir son üç il ərzində Azərbaycanda
inlfyasiyanın əsas mənbəyi olub. Postpandemiya dövründə ticari
tərəfdaşlarda inflyasiya artımı 2022-ci ilin sentyabr ayında 22
faiz olmaqla pik həddə çatıb və 2023-cü il ərzində tədricən iki
dəfə azalıb. Lakin üç il ərzində manatın nominal effektiv məzənnəsi
ildə təqribən 15 faiz artıb ki, bu da inflyasiya təzyiqinin
zəifləməsinin əsas amili olub. AMB 2024-cü ilin sonuna illik
inflyasiyanın 5,3 faiz səviyyəsində olacağını proqnozlaşdırır”, –
T.Kazımov deyib.
Sədr AMB-nin pul-kredit siyasətinin transmissiyasının
güclənməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirdiyini qeyd
edib.
“Buraya pul-kredit siyasətinin yeni vasitələrinin tətbiqi və pul
transmissiyasının yaxşılaşdırılmsı üçün banklararası inkişafa
dəstək daxildir. İlk dəfə AMB pul bazarının təminatsız (AZIR –
Azerbaijan Interbank Rate) və təminatlı (AINA – AZN Index Average)
seqmentləri üzrə baza dərəcələrinin indekslərini dərc edib. Dövlət
istiqrazları üzrə hesablanmış gəlirlilik əyrisi ilk dəfə AMB-nin
saytında dərc olunub. Bu islahatlar sayəsinidə pul bazarında
banklar arasında həm təminatsız, həm də təminatlı əqdlər üzrə
manatla nominasiya olunmuş orta çəkili faiz dərəcələri ilk dəfə
olaraq Mərkəzi Bankın faiz dərəcələri dəhlizinə stabil şəkildə
yerləşib. Bu islahatlar pul bazarında qısamüddətli faiz
dərəcələrinin digər faiz dərəcələrinə, o cümlədən depozit və
kreditlər üzrə dərəcələrə transmissiyasını gücləndirməyə davam
edir”, – deyə Mərkəzi Bankın sədri bildirib.
O qeyd edib ki, bu müddət ərzində maliyyə institutları, maliyyə
bazarları və maliyyə infrastrukturunun sabitliyi təmin olunub.
“Bankların kapital yetərliliyi və likvidlik üzrə yüksək
mövqeləri son 2 il ərzində müvafiq olaraq təqribən 18 faiz və 60
faiz olmaqla, normativlərdən iki dəfə artıqdır. Bankların son 3 il
ərzində kredit portfeli ölkədə qiymət sabitliyinə zərər yetirmədən
sabit şəkildə 17,9 faiz artıb. Fevral ayında kredit portfelinin
keyfiyyətinin yaxşılaşdırılması sayəsində qeyri-işlək kreditlərin
payı 2,8 faizədək azalıb. Dedollarlaşma baxımından mühüm irəliləyiş
əldə olunub. Ev təsərrüfatlarının xarici valyutada əmanətləri
fevral ayındakı əmanətlərin ümumi həcmi ilə müqayisədə 35,3
faizədək azalıb”, – T.Kazımov deyib.
Sədrin sözlərinə görə, AMB-nin ilk dəfə təqdim etdiyi yeni
strategiyada əsas diqqət bank sektorunda nəzarət və tənzimləmə
prioritetlərinə, eləcədə maliyyə sektorunun inkişaf planlarına
yönəldilib.
“”2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf
Strategiyası”nın strateji hədəfləri maliyyə əlçatanlılığının
artırılması və maliyyə vasitələrinin şaxələndirilməsininn təşviqi,
effektivliyin artırılması, şəffaflığın təmin olunması və maliyyə
sektorunun dayanıqlılığının gücləndirilməsindən ibarətdir. Bazarın
peşəkar artımına dəstək bu strategiyanın özülünü təşkil edir. Bu
strategiya sistematik səviyyədə iqlimlə əlaqədar risklərlə
mübarizədə effektiv mexanizm olacaq dayanıqlı maliyyələşdirməyə
keçidə sadiqliyimizi əks etdirir”, – deyə T.Kazımov bildirib.
AMB sədri Azərbaynın bu il COP29-a ev sahibliyi edəcəyinə də
toxunub.
“2024-cü il il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”
elan olunub. COP29-a ev sahibliyi etmək Azərbaycanın təkcə milli
deyil, həm də regional və qlobal miqyaslarda iqlim dəyişiklikləri
ilə əlaqədar problemlərin həllində səylərini təsdiq edir. COP29-a
sədr qismində rolumuz planetimizin xeyrinə olaraq, beynəlxalq
tərəfdaşlarımızı iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinin
təşviqinə cəlv etmək üçün mühüm imkan yaradır. COP29-da
ambisiyalarımızı artırmağa kömək edəcək mühüm tədbir vasitəsi
olaraq, maliyyə vəsaitinə birinci dərəcəli diqqət ayrılacaq.
Səmimiyyətlə inanırıq ki, Dünya Bankı ilə əməkdaşlıq təkcə
Azərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatın
qurulmasına bundan sonra da imkan yaradacaq”, – deyə o sonda
deyib.
Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta
Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə
başlayıb.
Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel
tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində
keçiriləcək.
BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə
Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və
BVF-in fəaliyyəti müzakirə olunacaq.
BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və
inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş
cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya
gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya
iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması
və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)

























