
Bakı. Trend:
Nyu-Yorkda energetika naziri Pərviz Şahbazov ilə BMT Baş
Assambleyasının prezidenti Denis Frensis arasında görüş olub.
Görüşdə Azərbaycanla BMT əlaqələrinin inkişafı, “Dayanıqlı İnkişaf
Məqsədləri”nin yerinə yetirilməsi və COP29 çərçivəsində əməkdaşlıq
müzakirə edilib.
Trend xəbər verir ki, energetika naziri Pərviz Şahbazov neft-qaz
resursları ilə regionda və dünyada enerji təchizatında mühüm rol
oynayan Azərbaycanın hazırda “yaşıl enerji” keçidi ilə bağlı ciddi
addımlar atdığını bildirib.
COP29 zamanı ölkəmizin təcrübə və təşəbbüslərini beynəlxalq
enerji ictimaiyyəti ilə bölüşməklə yanaşı, iqlim və “yaşıl enerji”
öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyələşmə üzrə mühüm
nəticələrin əldə edilməsinə fokuslandığı diqqətə çatdırılıb.
“Yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf
etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq
əməkdaşlığın təşviqı məqsədilə investisiya forumlarının
keçiriləcəyi barədə məlumat verilib.
BMT Baş Assambleyasının ilk dəfə keçirilən Dayanıqlılıq
Həftəsində Azərbaycanın təmsil olunmasına görə təşəkkürünü bildirən
prezident Denis Frensis isə iqtisadiyyatın transformasiyası,
dayanıqlı inkişaf və “yaşıl enerji” sahəsində ölkəmizin səylərini
yüksək qiymətləndirib.
Baş Assambleyanın prezidenti enerj keçidinin “Dayanıqlı İnkişaf
Məqsədləri”nin bir çoxu üzrə irəliləyişlərə təkan verdiyini
vurğulayaraq bu xüsusda beynəlxalq əməkdaşlığın vacibliyini
bildirib. COP29-a ev sahibliyinə görə Azərbaycanı təbrik edən Denis
Frensis ölkəmizin zəngin təcrübəsinin bu tədbirin uğurla
keçirilməsinə, qlobal iqlim və “yaşıl enerji” məqsədlərinə töhfə
verəcəyinə inamını ifadə edib.
Görüşdə ikitərəfli və COP çərçivəsində əməkdaşlığın digər
aspektləri ətrafında da fikir mübadiləsi aparılıb.



























