Advertisement

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya edildi

Bakı. Trend:

Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə
ekstradisiyası təmin edilib

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat
yayıb.

Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım
və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli
Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının
vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında
Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş
Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs
halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri
hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və
ya satma cinayətini törətməsinə əsaslı şübhələr müəyyən
edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə
haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə
beynəlxalq axtarışa verilib.

Qeyd olunan şəxs Qazaxıstan Respublikasının ərazisində
saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi
konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.