
Bakı. Trend:
Dünən Azərbaycan üçün tarixi bir gün idi. Azərbaycanın 44 günlük
zəfərindən sonra hər sahədə necə irəlilədiyini, hədəflərinə
pillə-pillə çatdığının şahidi olduq.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı
keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz
deyib.
Onun sözlərinə görə, bu hədəflərin tək bir insanın burnu
qanamadan, qarşılıqlı dialoqla həll edilməsi son dərəcə
mühümdür.
“Bu addım güclü siyasi liderlik, güclü ordu və xalqla bağlı olan
bir hadisədir. Bunu həm region ölkələri, həm Qərb yüksək
dəyərləndirməlidir. Şanlı Azərbaycan tarixinə daha bir qələbə
yazıldı.Əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonunun
anklav olmayan kəndlərinin bir güllə atılmadan, qan tökülmədən
Azərbaycanın nəzarətinə qaytarılması tarixi hadisədir. Ümid edirəm
ki, tez bir müddətdə delimitasiya və demarkasiya, sülh prosesi
tamamlanar”, – deyə Y.Karauz bildirib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























