
Bakı. Trend:
Ermənistanın dörd kəndi Azərbaycana qaytarması uzun müddət
gözlənilən tarixi hadisə və Azərbaycanın diplomatik qələbəsi
oldu.
Bu barədə Trend-ə “Ortaq Gələcəyə Malik İcma” Pakistan Araşdırma
Mərkəzinin (PRCCSF) icraçı direktoru Xalid Taymur Əkrəm deyib.
“Ermənistan və Azərbaycan arasındakı razılaşmaya əsasən,
Ermənistanın daha əvvəl işğal etdiyi dörd kəndi qaytarması Cənubi
Qafqazda sülh üçün tarixi hadisə oldu. Bu nailiyyət Prezident İlham
Əliyevin uzaqgörən və praqmatik xarici siyasi yanaşmasının
sübutudur”, – o deyib.
Onun sözlərinə görə, 1991-ci il tarixli Almatı bəyannaməsi
əsasında sərhədlərin delimitasiya prosesinin keçirilməsi barədə
razılaşma sayəsində hər iki tərəf regionda dayanıqlı inkişafa yol
açacaq və gələcək əməkdaşlıq və etimad möhkəmləndirmə tədbirlərinin
təməlini təşkil edəcək danışıqların əsasını qoyub.
“Azərbaycanın konstruktiv dialoqa daima hazır olması ölkənin
münaqişələrin sülh yolu ilə həllinə sadiqliyini vurğulayır və
bununla, Cənubi Qafqaz regionunda əməkdaşlıq, sabitlik və
təhlükəsizliyə imkan yaradır”, – deyə Xalid Taymur Əkrəm əlavə
edib.
Ekspert qeyd edib ki, Ermənistan davamlı sülhə nail olmaq üçün
konstruktiv qarşılıqlı fəaliyyətə və qarşılıqlı hörmətə sadiqlik
nümayiş etdirməlidir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























