
Bakı. Trend:
32 ildən bəri Ermənistanın işğalında olan 4 kəndin könüllü azad
edilərək Azərbaycana qaytarılması ilə bağlı rəsmi İrəvanın qərarı
ölkədəki revanşistlər və müxalifət düşərgəsi tərəfindən qəti
etirazlarla qarşılaşıb.
Söhbət Qazax rayonunun Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs
Ayrım və Xeyrimli kəndlərindən gedir.
Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin
Mustafayevlə Mher Qriqoryanın başçılıq etdikləri hökumətlərarası
komissiyanın şərti dövlət sərhədindəki görüşündə belə qərar qəbul
olunub. Anlaşmaya görə, Azərbaycanla Ermənistan arasındakı şərti
dövlət sərhədinin delimitasiya prosesi Tavuş rayonunda başlamalı,
iyulun 1-dək delimitasiya üzrə birgə komissiyanın fəaliyyət
şərtləri razılaşdırılmalıdır.
Elə həmin gün bir qrup erməni aprelin 19-da İrəvan-Tbilisi
dövlətlərarası şossesinin Tavuş rayonundakı Kirants kəndindən keçən
hissəsini bağlayıblar. Ertəsi gün yol açılıb, aprelin 22-də yerli
sakinlərin baş nazirin müavini Mher Qriqoryanla görüşü barədə
razılıq əldə olunub.
Lakin sonradan vəziyyət yenidən gərginləşib, Kiransla Aşağı
Əskipara kəndləri arasındakı yola toplaşan ermənilər piket
keçirməyə başlayıblar.
Ermənistan Müdafiə Nazirliyinin sapyorları Kirants kəndi
ətrafındakı ərazilərin, xüsusilə də Aşağı Əskiparaya gedən yolun
yanındakı məkanların minalardan təmizlənməsinə başlayanda yerli
sakinlərlə İrəvandan gəlmiş şəxslər onlara mane olmağa
çalışıblar.
Baş nazir Nikol Paşinyanı göstərişi ilə hadisə yerinə İrəvandan
xüsusi təyinatlı polislər göndərilib.
Onlara Ermənistan Könüllülər İttifaqı “Yerkrapa”nın mənsubları
da qoşulublar. Hətta yolu bağlayanlarla “Yerkrapa” mənsubları
arasında dava olub, dalaşanları polis əməkdaşları ayırıblar.
4 kəndin azad edilməsi və delimitasiya prosesinə başlanması ilə
bağlı qərar İrəvanın müstəqil mövqeyi deyil.
Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken,
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın
baş naziri Nikol Paşinyan arasındakı görüşdə İrəvana verilmiş
tapşırıqlardan biri də məhz sülh sazişinin imzalanmasına yönəlmiş
proseslə bağlı idi.
Vaşinqton və Brüsselin təlimatları bu prosesin məhz Qərbin
strateji maraqları, bəlirlədiyi ssenari üzrə gedişatını ehtiva
edir.
İlk baxışdan paradoksal təsir bağışlasa da, İranın da
Ermənistandakı və ya Ermənistanla bağlı maraqları bəhs olunan
prosesin süni maneələrsiz, intensiv axarını diqtə edir.
Tavuş rayonundakı etirazlara Ermənistanın daxili siyasət
kontekstindən nəzər saldıqda, Paşinyan administrasiyasına mövcud
vəziyyətdə Fransanın və İranın İrəvandakı səfirlərinin bəyanatlarla
dəstək verməsi gərəkir.
Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə,
məhz Fransa və İran ermənilərin ən çox güvəndikləri, özlərinə
“dəstək və hami” saydıqları ölkələrdir.
Vaşinqton və Brüssel kimi, Parislə Tehranın da 1991-ci ildə
Alma-Ata bəyannaməsinin sülh danışıqları, habelə şərti dövlət
sərhədinin demarkasiya və delimitasiya prosesində şərt hesab
olunacağı barədə açıqlama verəcəkləri bəllidir.
Xatırladaq ki, Ermənistan-Azərbaycan delimitasiya prosesində
1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürülməsi barədə aprelin
19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə
Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə
razılıq əldə olunub.
Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci
il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin
baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa
gəliblər (əgər gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün
və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa
cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə
müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).
Alma-Ata bəyannaməsi İrəvandakı hakimiyyətlə yanaşı, müxalifət
və xarici ölkələrdəki erməni diasporu üçün də yeni şüara
çevrilib.
2023-cü ilədək son 26 ildə rəsmi İrəvanın xarici siyasət
diskursunda xatırlanmayan, daxili siyasi müstəvidə isə az qala
atavizm kimi vurğulanan sözügedən bəyannaməni ermənilər indi az
qala yeganə xilas mənbəyi hesab edirlər.
2020-ci ilədək “müstəqil Qarabağ, qarabağlı ermənilərin öz
müqəddaratlarını təyin etmək hüququ” şüarını 44 günlük İkinci
Qarabağ Müharibəsinlən sonra “Laçın dəhlizi” ifadəsinin mantra kimi
təkrarlanması ilə əvəzləmişdilər.
Rəsmi Bakının regional geosiyasi reallıqları dəyişməsi və
bölgədəki güc nisbətlərini dəyişərək subregional güclərin,
dövlətlərin və təşkilatların bölgədəki proseslərə kobud müdaxilə
imkanlarını əvvəlki təki rahat şəkildə icra etmələrinə imkan
verməməsi İrəvanı da müəyyən dəyişikliklərə vadar edib.
Xüsusilə də Qərbi Zəngəzura qayıdış məqamı ilə bağlı gündəmdək
fəaliyyət erməniləri narahat edir.
Məhz bu səbəbdən onlar Alma-Ata bəyannaməsini az qala panaseya
hesab edirlər, çünki ermənilər Azərbaycanla Ermənistan arasında
sərhədin ADR-in rəsmi hüdudlarının əks olunduğu xəritələr və
sənədlər əsasında müəyyənləşməsi ilə bağlı Bakının şərtlər
səsləndirə biləcəyindən narahatdırlar.
Tauş rayonunda yaşananlar həm də Ermənistanda onillərdən,
ermənilər arasında əsrlərdən bəri hökm sürən ideologiyanın bariz
nümunəsi sayıla bilər.
Hələ də mifik “dənizdən dənizə Böyük Ermənistan” ilğımı ilə
yaşayan, “Çar Tiqranın imperiyasının bərpası” arzusunu az qala
reallaşması şübhə doğurmayan proqnoz hesab edən ermənilər müasir
dünyanın gerçəklərini, yaşadıqları həyatın şərtlərini və xüsusilə
də geosiyasətin diqtə etdiyi məqamları nəzərə almaq istəmirlər.
“Ermənilik” adlandıra biləcəyimiz, uydurma “tarix”ə,
aqressiyaya, irqçiliyə, şovinizmə, revanşizmə və “ermənilərin
bəşəriyyətdə müstəsnalığı” marazmına əsaslanan düşüncə tərzi
erməniləri hələ də rasionallıqdan və məntiqdən kənar salır.
Tavuşdakı olaylardan da görünür ki, bu çürük və zərərli
ideologiyasının arxasındakı qüvvələr arasında erməni kilsəsi xüsusi
yer tutur.
Qriqorian-monofizit olan bu kilsə xristianlıqda heç bir başqa
kilsəyə bənzəmir, pravoslavlarla katoliklərdən tutmuş,
yevangelistlərlə lüteranlara, baptistlərlə adventistlərə qədər
bütün xristianlırı “yad, geridə qalmış, azmış insanlar” hesab
edir.
Erməni kilsəsində türklər isə ümumiyyətlə, “vəhşi məxluqlar
yığnağı”dır.
Tavuşda yolu bağlayan qrupda xüsusi fəallıq edənlərin sırasında
keşişlərin də olması təəccüblü deyil.
Erməni kilsəsi Ermənistan sakinləri ilə yanaşı, dünyanın ən
müxtəlif ölkələrindəki erməniləri aqressivliyin, revanşizmin, ərazi
iddialarının və s. yaramaz davranış modellərinin gərəkli, ədalətli
və məntiqi olmasına inandıra bilib.
Nikol Paşinyan indi özünü Qərbdəki siyasi və maliyyə
sponsorlarına erməni ideologemlərinin təftişçisi kimi göstərməyə
çalışsa da, yeni və bəsit oyununu aparır.
Çünki Paşinyanın özü də “ermənilik” mərəzinin
daşıyıcılarındandır: o, sadəcə, yaşanan proseslərin qaçılmaz
diqtəsi altında məcbur olaraq 4 kəndin azad edilərək qaytarılması,
Alma-Ata bəyannaməsinin sülh danışıqları prosesində əsas sayılması,
şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasına başlanması
kimi məsələlərdə rasional mövqelərdə durması ilə bağıl görüntü
yaradır.





























