
Bakı. Trend:
Xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına,
habelə Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti
məhdudiyyət tətbiq olunub.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat
yayıb.
Bildirilib ki, AQTA Gürcüstanın Aşağı Kartli regionunda
xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını
nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux
rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi
xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər
keçirib.
Cari ilin 13-29 mart tarixlərində keçirilmiş monitorinqlər
zamanı sözügedən sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə
təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya
fermer təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845
diaqnostik nümunələr götürülüb, eyni zamanda ev heyvanları ilə
yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında
da klinik müşahidələr aparılıb.
Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
Mərkəzi Baytarlıq Laboratoriyasında və Göygöl Regional Sınaq
Laboratoriyasında müayinə edilib. Laborator müayinələrin və ümumi
epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin
törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan heyvana
rast gəlinməyib. Nümunələr xırdabuynuzlu heyvanların çiçək
xəstəliyinə görə də laborator müayinələrə cəlb olunub və yoluxmaya
şübhəli hal rast gəlinməyib.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin
Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
mütəxəssisləri iştirak ediblər.
“Əlavə olaraq bildiririk ki, xırdabuynuzlu heyvanların Gürcüstan
ərazisindən Azərbaycan Respublikasına idxalına, habelə Azərbaycan
Respublikasının ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya
Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların
sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq
olunub”, – məlumatda vurğulanıb.





























