Advertisement

1 milyon ədəddən çox aksizsiz siqaret aşkar edilib

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda aksiz
markasız siqaretlər aşkar edib.

Trend-in DGK-ya istinadən
verdiyi məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin
və Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə
etdiyi nəqliyyat vasitəsindən aksiz markası ilə markalanmalı olan,
lakin belə marka ilə markalanmamış 1 milyon 080 min ədəd müxtəlif
markalı siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır
ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi
nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu
içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması,
saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam
verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu
sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin,
habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən
yolverilməzdir.

Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar
davam etdirilir.