
Bakı. Trend:
Fransanın Overn-Ron-Alp bölgəsinin müxalif siyasətçiləri
L.Vokyedən Yaponiyaya gizli səfərinin maliyyəsi ilə bağlı şəffaflıq
tələb edir.
Trend xəbər verir ki, ermənipərəst fransız siyasətçi L.Vokye
hələ 2022-ci ildə dəbdəbəli və çox baha başa gələn şam yeməyinə
görə tənqid edilmişdi.
O, iki il öncə dövlət vəsaiti hesabına təşkil etdiyi bu şam
yeməyinə görə hətta məhkəməyə də verilib. Həmin məhkəmə işi getdiyi
bir vaxtda L.Vokye yenidən Yaponiyaya gizli səfəri ilə bağlı
gündəmə gəlib. Bildirilir ki, o, mart ayında Yaponiyaya səfəri
çərçivəsində Tokioda “Michelin” restoranda 150 nəfərlik çox
dəbdəbəli şam yeməyi təşkil edib. Bu, dövlət vəsaitlərinin israf
edilməsinin növbəti nümunəsi kimi qiymətləndirilib, məmurların
həyat tərzi və onların maddi məsuliyyəti ilə bağlı tənqidlərə
yenidən təkan verib.
L.Vokyenin Yaponiyaya səfərinin məqsədi və təşkilatının
şəffaflığı çoxsaylı suallar doğurub. Xüsusilə gizli səfərin necə
maliyyələşdirilməsi ilə bağlı suallar açıq qalıb. Bu barədə aydın
məlumatların olmaması şəffaflıq və dövlət xərclərinin yoxlanması
çağırışlarını gücləndirib.
Dövlət vəsaitlərinin idarə olunmasında seçkili məmurların
məsuliyyəti və onların fəaliyyətinə nəzarətin artırılmasının
zəruriliyi müzakirə obyektinə çevrilib. Bu sahədə şəffaflıq və
hesabatlılığın təmin edilməsinin vacibliyi vurğulanıb.
Sosialistlər, demokratlar və ekolojistlər qrupu həmin səfərlərlə
bağlı şəffaflığın təmin olunmasını tələb edir, müvafiq audit
aparılacağına ümid bəsləyirlər. Digər siyasi partiyaların üzvləri
hesab edirlər ki, L.Vokye öz vəzifəsindən və dövlət vəsaitindən
sui-istifadə edərək, 2027-ci il prezident seçkilərinə namizədliyi
üçün vəsait toplayır.





























