
Bakı. Trend:
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp
arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti
yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən
edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə
işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
Şirkətdən Trend-ə bildirilib ki, iki il müddətinə nəzərdə
tutulmuş bu üç layihənin ümumi dəyəri 2,6 milyon dollardan
artıqdır.
Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı
sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması,
çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan
torpaqların suvarılması üçün istifadə ediləcək. Sistemin ildə 500
min kub metrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur,
bu isə 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.
İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı
mənbəyinin – kəhrizin, bərpa edilməsi məqsədini daşıyır. Bərpa
edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kub metrə qədər
şirin su təchiz edə biləcək. Bu isə 15000 nəfərə yaxın icma üzvünün
məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar
ehtiyaclarını təmin etmək deməkdir.
Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux
rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su
sisteminin yaradılmasına yönəlib. Layihə ümumi əhalisi təqribən 25
min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə
edəcək.
İmzalanma tədbirində ADSEA sədrinin müşaviri Əsəd Şirinov
bildirib ki, Azərbaycanda ekosistemin bərpası, ətraf mühitin
sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın
yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
isə bp şirkətinin şirin su çatışmazlığı problemi ilə üzləşən kənd
icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları
Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnun olduğunu
deyib.
“Diqqəmitizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya
təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə
yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz
minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd
təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək
edəcək”, – deyə B.Aslanbəyli qeyd edib.
Qeyd edək ki, bp şirkəti Azərbayanda 32 ildir mövcuddur və çox
sayda layihələrin reallaşdırılmasında ölkənin strateji
tərəfdaşıdır.



























