
Bakı. Trend:
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə
birgə ittiham olunan, jurnalistlər üçün tikilmiş binaların baş
memarı olmuş Telman Tahirovun azadlığın məhdudlaşdırılması
cəzasından (elektron qolbaq) vaxtından əvvəl azad edilməsi barədə
müraciətə baxılıb.
Trend xəbər verir ki, bununla bağlı məhkəmə müvafiq qərar qəbul
edib.
Qərara əsasən, Telman Tahirovun müracəti təmin edilib və
azadlığın məhdudlaşdırılması cəzasından (elektron qolbaqdan)
vaxtından əvvəl azad olunub.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz
əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Saxlanılanlar şəxslər
barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli
miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda
törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə
etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və
digər maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən,
Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov
6 il müddətinə azadlıqdan məhrum edilib.
Telman Tahirov barəsində azadlığın məhdudlaşdırılması (elektron
qolbaq), və digər təqsirləndirilən şəxslər barəsində həbslə bağlı
olmayan cəzalar tədbiq edilib.





























