
Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə
bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb.
Trend xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov
“Birinci kanal”a müsahibəsində bildirib.
“İki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar
gedir, bəziləri artıq razılaşdırılıb. İki ölkə arasında iş gedir.
Sülh müqaviləsi üzrə hələ də razılaşdırılmamış maddələr var”, – o
əlavə edib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























