Advertisement

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Bakı. Trend:

Qambiya Respublikasında səfərdə olan ölkəmizin Mərakeş
Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədov
etimadnamələrinin surətini bu ölkənin xarici işlər, beynəlxalq
əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqaraya
təqdim edib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən Trend-ə bildirilib ki,
iki ölkə arasında dost münasibətlərinin mövcud olduğunu söyləyən
səfir cari il ölkələr arasında diplomatik münasibətlərin 30
illiyinin qeyd edildiyini xüsusi vurğulayıb. Həmçinin yüksək
səviyyəli nümayəndələrinin səfərlərinin əlaqələrin daha da inkişaf
etdirilməsinə töhfə verəcəyi vurğulanıb, eləcə də müqavilə
bazasının genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Nazir M.Tanqara Qambiya ilə Azərbaycan arasında çoxlu ortaq
cəhətlərin olduğunu bildirərək Azərbaycana səfərlərini
məmnuniyyətlə xatırladıb. O, xüsusilə ölkəmizin ərazi bütövlüyünə
dəstək məsələsində Qambiyanın birmənalı mövqeyinə istinad edib.
Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı olaraq
mövqelərini dəstəklədiklərini vurğulayıb və Azərbaycanın Qambiyanın
hər zaman dəstəyinə arxalana biləcəyini əmin edib. Qambiya xarici
işlər naziri, eyni zamanda, ölkəsinin gənc diplomatlarını təcrübə
qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlı olduqlarını da əlavə
edib.