
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli
şəhərinə növbəti köç karvanı yola salınıb.
Trend xəbər verir ki, respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti
köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150 nəfər
köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində
məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan
Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına
görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı
işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və
zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839
nəfərin daimi məskunlaşması təmin edilib.





























