
Bakı. Trend:
Azərbaycanda tütün məmulatının istehsalına dair yeni tələblər
müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı
haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, tütün məmulatının istehsalını həyata keçirən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat
şərtləri aşağıdakılardır:
Avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az
olmayan məbləğdə investisiyanın qoyulması;
Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə
vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi
ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
Vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata
keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu
təsdiq edən sənədin olması;
Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə
vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart
nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə
sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq
avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq uyğunluğun
qiymətləndirilməsinə dair sənədlərin olması;
Keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq
sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə
(istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq
laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.
Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata
keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün
məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı
qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi tələblərə riayət etməlidirlər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.





























