
Bakı. Trend:
21 aprel 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin Baş
direktoru Tatyana Valovaya ilə görüşüb.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, görüş A. Raimkulovanın İsveçrəyə rəsmi səfərinin
mühüm tərkib hissəsi olub və o, Türk Əməkdaşlıq Təşkilatlarının
birgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə Türk həftəsi”
tədbirlərində iştirak edib.
Görüş zamanı Fondun gələcək planları müzakirə olunub, beynəlxalq
mədəni əməkdaşlıq vurğulanıb. Aktotı Raimkulova Türk dünyasının
mədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararası
anlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlı
olduğunu bildirib. Tatyana Valovaya Fondun mədəni diplomatiya
vasitəsilə mədəni müxtəlifliyin vurğulanması səylərini
qiymətləndirib.
Fond və YUNESKO arasında Türk xalqlarının mədəni irs
obyektlərinin beynəlxalq irs siyahısına transsərhəd
nominasiyalarının irəli sürülməsi və Divanü Lüğat-it-Türkün 950
illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənən
əməkdaşlıq müsbət qiymətləndirilib.
Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanların
araşdırılması yönündə əlaqələri davam etdirməyə razılaşıblar.





























