
Bakı. Trend:
22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi
çərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli ali
təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və
Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin
layihənin xarici tərəfdaşları olan olan Litvanın Mykolo Romero
Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən,
Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə
iştirak edib. Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət
göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq
müzakirələrin aparılması olub.
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru,
professor İbad Abbasov qonaqları salamlayıb və universitetdə
görməkdən məmnun olduğunu qeyd edib. Rektor layihənin
universitetlər arasında milli şəbəkələşməni, bilik və təcrübə
mübadiləsini, eləcə də qarşılıqlı dəstəyi təşviq etdiyini söyləyib.
O, komitələrin uğurlu fəaliyyətindən bəhs edərək hər kəsə uğurlar
arzu edib.
Layihənin koordinatoru, Bakı Biznes Universitetinin
Universitet-sənaye işbirliyi mərkəzinin direktoru Gülşən Bayramova
isə layihə müddətində həyata keçirilən fəaliyyətlər haqqında qısa
hesabatla çıxış edib.
Daha sonra Tədris işləri və keyfiyyət təminatı komitəsinin
sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar
Aslanov, Elmi işlər üzrə komitənin sədri, Bakı Avrasiya
Universitetinin prorektoru Gülzar İbrahimova, Beynəlmiləlləşmə
komitəsinin öncəki sədri, Azərbaycan Dillər Universitetinin
prorektoru Jalə Qəribova və yeni komitə sədri, Bakı Biznes
Universitetinin prorektoru Eşqin Bayramov, Tələbə və məzunlarla iş
komitəsinin sədri, Bakı Biznes Universitetinin prorektoru Cavidan
Heydarov, Strateji inkişaf məsələləri üzrə komitənin sədri,
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz
Aslanlı müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlər
barəsində hesabat xarakterli çıxış ediblər.
Hesabat məruzələrindən sonra Erasmus Azərbaycan Ofisinin rəhbəri
Pərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrin
Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən
bəhs edib.
Layihənin xarici tərəfdaşları qismində isə Litvanın Mykolo
Romerio Universitetinin Tədris işləri üzrə prorektoru Regina
Valutytė və Belçika EFMD təşkilatının Beynəlxalq layihələr üzrə
direktoru Kristofer Terrase çıxış edərək layihə barəsində öz
təəssüratlarını bölüşüblər.





























