
Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin
sədri Zakir İbrahimov Keniya Respublikasının ölkəmizdə səfərdə olan
nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Zakir İbrahimov Azərbaycanla Keniya
arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər
ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində
möhkəmlənməsinin məmnunluq doğurduğunu bildirib. İdarə Heyətinin
sədri iqtisadi münasibətlərin inkişafı, xüsusilə dağ-mədən
sahəsində əməkdaşlığın qurulması üçün böyük prespektivlərin
olduğunu diqqətə çatdırıb.
Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət
sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji
planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması
istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən
etibarən “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu
əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin
gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin
QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral
resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində
olduğuna diqqət çəkib.
Keniyanın işgüzar dairələrini təmsil edən qonaqlar kənd
təsərrüfatının iqtisadiyyatın lokomotivi olduğunu, buna baxmayaraq
metallurgiya sənayesinin, xüsusilə də dəmir filizinin emalının
geniş şəkildə təşəkkül tapdığını bildiriblər. Keniyada mövcud olan
səpinti qızıl yataqları, o cümlədən mis, sink və digər növ metal
resurslarının istismarı istiqamətində əməkdaşlıq perspektivləri,
investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən
stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib.
“AzerGold” QSC-nin faydalı təşəbbüslərə, o cümlədən təcrübə
mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən
sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə
əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin
mümkünlüyü qeyd edilib. Daha sonra leqal mədənçiliyinin təşviqi,
mədən layihələrində “yaşıl enerji”, “yaşıl texniologiyalar”ın
tətbiqi planları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular
ətrafında geniş fikir mübadiləsi aparılıb.





























