Advertisement

“AzInTelecom” dayanıqlı inkişaf və “yaşıl” texnologiyalara diqqəti artıracaq

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “AzInTelecom” (Azerbaijan International Telecom) MMC
BMT-nin dayanıqlı inkişaf üzrə Qlobal Sazişinə qoşulub.

Trend bu
barədə “AzInTelecom”in rəhbəri Elxan Əzizovun sosial şəbəkədəki
məlumatına istinadən xəbər verir.

“Ekoloji, sosial və korporativ idarəetmədə (ESG) davamlı
inkişafın təşviqini dəstəkləyirik. BMT-nin dayanıqlı inkişaf üzrə
Qlobal Sazişinin insan hüquqlarına riayət, korrupsiya ilə mübarizə,
gender bərabərliyi, ətraf mühitin mühafizəsi ilə bağlı 10
prinsipinə riayət etməyə çalışırıq”, – deyə E.Əzizov
vurğulayıb.

Onun sözlərinə görə, MMC öz fəaliyyətində “yaşıl”
texnologiyaların populyarlaşmasına diqqətini artıracaq.

“2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsini və Bakıda COP29 tədbirinin keçiriləcəyini nəzərə
alaraq, MMC-miz ekologiya və “yaşıl” texnoloji həllərin inkişafına
yüksək diqqət yetirəcək”, – o deyib.

Qeyd edək ki, “AzInTelecom” MMC-nin fəaliyyəti bulud həlləri,
Azərbaycan və digər ölkələr arasında beynəlxalq səs trafikinin
ötürülməsi, informasiya təhlükəsizliyi üzrə xidmətlər və SİMA
rəqəmsal həllər platormasının fəaliyyətini əhatə edir.

“Şirkətin strategiyası insani dəyərlər, etibarlılıq,
innovasiyalar, adaptivlik, şəffaflıq və məxfilik kimi əsas
xüsusiyyətlər üzərində qurulub”, – deyə “AzInTelecom” MMC-nin
rəhbəri əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun