
Bakı. Trend:
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə
Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının
Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq
qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə
heyəti arasında görüş keçirilib.
Trend xəbər verir ki, görüşdə uzun tarixə malik
Azərbaycan-Əlcəzair münasibətlərinin yeni mərhələdə inkişafında
enerji sahəsində əməkdaşlığın rolundan bəhs edilib.
“OPEC+”, GECF formatlarında, həmçinin iki ölkənin müvafiq
nazirlikləri, eləcə də, SOCAR və “Sonatrach” şirkətləri arasında
əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu əlaqələrin daha da
möhkəmləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair
Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz
sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası,
qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və enerji
sahəsində potensialın reallaşdırılması baxımından Birgə İşçi
Qrupunun fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.
Birgə İşçi Qrupunun iyunda “Bakı Enerji Həftəsi” çərçivəsində
planlaşdırılan ilk iclasının neft-qaz sahəsi ilə yanaşı, bərpa
olunan enerji və enerji səmərəliliyi üzrə də əməkdaşlıq üçün
imkanlar yaradacağı qeyd edilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin digər aspektləri üzrə də
fikir mübadiləsi aparılıb.



























