
Bakı. Trend:
Aprelin 24-də prokurorluğun gənc əməkdaşları görkəmli yazıçı,
pedaqoq, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan
olmasının 116-cı ildönümü ilə əlaqədar yazıçının vaxtilə
İçərişəhərdə yaşadığı – “Ədibin Evi” mədəniyyət ocağını ziyarət
ediblər.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq
Mehrəliyeva prokurorluq əməkdaşlarına XX əsr milli ədəbi-bədii
fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyat və
yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, “Ədibin
evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda
yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi
istifadəyə verilib.
Yazıçının “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli
sənətkarlığı” kimi əsərlərinin, həmçinin bir çox məşhur
hekayələrinin bu evdə qələmə alındığı diqqətə çatdırılıb.
Ekskursiya çərçivəsində prokurorluq əməkdaşları Mir Cəlal
Paşayevə aid şəxsi əşyalar və onun haqqında yazılmış kitablarla
tanış olublar.





























