
Bakı. Trend:
Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan
şəxslərin sayı 3871 nəfərdir.
Bu barədə Trend-ə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat
verilib.
Qeyd edilib ki, onların 2047 nəfəri Çernobıl AES-də hərbi
xidmətlə, 1824 nəfəri isə Çernobıl AES-də qəzanın ləğvi ilə
əlaqədar əlilliyi olan şəxslərdir.
Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar
əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata
keçirilir.
Həmçinin bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq
təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I
dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400
manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat)
ödənilir.
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi
olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə
gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.
Hər iki qrupa aid əlilliyi olan şəxslər əlilliyə görə pensiya,
bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə
müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə
əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü
(100 manat) ödənilir.
Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə
pensiyaların orta aylıq məbləği 2 dəfədən çox, müavinət və təqaüd
ödənişləri isə 5 dəfə artıb.
Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən
edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin
Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının
dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də
verilir.
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il
birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya
xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da
həyata keçirilir.





























