Advertisement

Növbəti köç karvanı Füzuliyə çatdı

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və
respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç
karvanı Füzuli şəhərinə çatıb.

Trend xəbər verir ki, Füzuli
şəhəri doğma sakinlərini qarşılamağa davam edir.

Bu gün 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini – Bakı
şəhərindən 25 ailə (89 nəfər), Abşeron rayonundan 6 ailə (22
nəfər), Sumqayıt şəhərindən 4 ailə (11 nəfər), Füzuli rayonundan 2
ailə (11 nəfər), Gəncə şəhərindən 1 ailə (5 nəfər), Qazax
rayonundan 1 ailə (2 nəfər) öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən
ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində yola
salınıb, Gəncə şəhəri, Füzuli və Qazax rayonundan yola salınan
ailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına
qoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar,
onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin
məskunlaşması təmin edilib.