Advertisement

Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı (FOTO/VİDEO)

Bakı. Trend:

Ölkənin lider mobil operatoru Azercell-in BİQ – Böhran İdarəetmə
Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə
Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan
testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları –
Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da
iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi
simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi
zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və
rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk
olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud
sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G
xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet,
3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti
ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya
testində bərpa vaxtı 2 qat azaldıldı.
Bütün bərpa işləri isə
regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər
görmüş qruplar tərəfindən icra olundu.

Qeyd edək ki, bu layihənin keçirilməsinə təkan verən
faktorlardan biri də Türk Dövlətləri Təşkilatının Dövlət
Başçılarının Fövqəladə Zirvə görüşü zamanı Prezident İlham Əliyevin
irəli sürdüyü təşəbbüs olub. Bu zirvə görüşü zamanı Ankara Bəyannaməsi və mülki
müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.

Azercell-in Biznesin Dayanıqlığı şöbəsinin və cari layihənin
rəhbəri Anar Mirzəyev bildirib ki, layihənin məqsədlərindən biri də
region və Türk dövlətlərinin ərazisində baş verə biləcək böhran və
təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən
təşkilatlanmaqdır: ”Ankara bəyannaməsinə əsasən, baş verə biləcək
mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli,
əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün Türk Dövlətləri
Təşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasında
əməkdaşlığı gücləndirmək və Mülki Müdafiə Mexanizminin yaradılması
haqqında razılığa gəlinib. Bu bənd BİQ layihəsinin yaradılması
niyyəti ilə üst-üstə düşür.”

Test haqqında video-material: