
Ər-Riyad.
Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha
bir paradiqma dəyişikliyi lazımdır.
Trend xəbər
verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP)
Əfqanıstandakı daimi nümayəndəsi Abdulla Əl-Dardari İslam İnkişaf
Bankının (İİB) Ər-Riyadda keçirilən illik iclasları çərçivəsində
keçirilən “Tərəqqi yolu: İslam İnkişaf Bankına Üzv Ölkələrdə
Çoxölçülü Yoxsulluq” mövzusunda panel müzakirələrdə deyib.
“Minilliyin İnkişaf Məqsədləri (MİM) üzərində işləyəndə bizim
çox yaxşı vasitəmiz var idi və bunu MİM-in tərəqqisi və
nailiyyətləri ilə əlaqələndirmək mümkün idi. Bu, bütünlükdə
iqtisadiyyat barəsində düşüncəmizdə mühüm paradiqma irəliləyişi
oldu. Lakin sonra yeni problemlərlə, daha doğrusu, icmalar arasında
və daxilində münaqişələrə səbəb olan qeyri-bərabərlik və
narahatlıqla üzləşməyə başladıqda bizdə ümumdaxili məhsul (ÜDM)
artımının yaxşı, cəmiyyətin isə qeyri-stabil olmasının səbəbinin
nədən ibarət olduğunu demək çətin idi”, – o deyib.
Əl-Dardarinin fikrincə, neoklassik iqtisadiyyat son həddə
çatıb.
“Bu səbəbdən inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən
digər paradiqma dəyişikliyi barədə düşünmək lazımdır. Burada
əməkdaşlıq etməyə və iqtisadiyyat, insan rifahı, zənginlik,
bölüşdürmə və dayanıqlılıq arasındakı qarşılıqlı əlaqəni başa
düşməkdə bəşəriyyət üçün daha bir addım atmağa şadıq”, – deyə o
əlavə edib.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf
Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyər
verib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik və
firavanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığı
çərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl
yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir.
İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar və
özəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir
sıra əlavə tədbirləri əhatə edəcək.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri iştirak
edəcəklər.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























