
Bakı. Trend:
22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq
Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi
məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini
həyata keçirib.
Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və
Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin,
bir sıra bankların sədrlərinin, o cümlədən “Bank Respublika”ASC-nin
Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə
reallaşır.
Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə
sahəsində əməkdaşlığı gücləndirməkdir.
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının
(AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət
Departamentində və digər dövlət təşkilatlarında, maliyyə
qurumlarında görüşlər keçirilib.
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş
qərargahında “DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və
tənzimləmələr” mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı
DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə
maraqlı olduğu prioritet sahələr müzakirə edilib.
Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində “Exim
Bank” və “Bank of New York Mellon” (BNY Mellon) kimi nüfuzlu
qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə
olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə
edilməsi, komplayns məsələləri və süni intellektin bank
əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı
beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən
böyük maliyyə qurumlarından biri olan – Sparkassen International
Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü)
var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq
reytinqlərdən birinə – “Stabil” proqnozlu “B2” reytinqinə (Moody’s)
malikdir.



























