Advertisement

COP29 sədrliyi bir neçə yeni təşəbbüs irəli sürəcək

Ər-Riyad. Trend:

COP29 sədrliyi bir neçə yeni təşəbbüs irəli sürəcək.

Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və
sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı
(İİB) qrupunun illik müşavirələri çərçivəsində “COP29-a doğru –
prioritetlər və gündəm” mövzusunda təqdimatda deyib.

“COP29 sədrliyinin COP29-da bir sıra yeni təşəbbüs irəli
sürəcəyi gözlənilir. Bu təşəbbüslərin hazırlanması və
razılaşdırılması Xarici İşlər Nazirliyində aparıcı danışıqçının
rəhbərlik etdiyi danışıq qrupu çərçivəsində müzakirə olunur”, – o
deyib.

H.Hüseynov qeyd edib ki, COP29-da danışıqlar iqlim
maliyyələşdirməsi, şəffaflıq və milli səviyyədə müəyyən edilən
töhfələrə (NDC – Nationally Determined Contribution)
fokuslanacaq.

“COP29 prosesin irəliləməsi üçün bütün bu elementlərin
birləşməsinə həsr olunacaq. Təşkilati Komitə hökuməti və QHT-ləri
təmsil edən 57 üzvdən ibarətdir. Razılaşdırılmış mətndən praktik
reallaşdırmaya və COP sədrlikləri arasında əməkdaşlığın
genişləndirilməsinə sürətli keçid üçün “Troika” mexanizmi
yaradılıb”, – o deyib.

H.Hüseynov qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası və COP29 sədrliyinin qarşısında tərəflərə ilin
sonunadək şəffaflıq haqqında ilk 2 illik hesabatların təqdim
olunmasında dəstək göstərilməsi üzrə mühüm iş dayanır.

“Bu hesabatlar irəliləyişin izlənilməsi və etimadın
möhkəmləndirilməsi üçün zəruridir və COP29 tərəflərə dəstək üçün
Azərbaycanda may ayından başlayaraq bir sıra seminarlar təşkil
edəcək”, – o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabr ayında Azərbaycanda keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun