Advertisement

Mastercard Bakıda ilin yekunlarına həsr olunan illik konfransını keçirib (FOTO)

Bakı. Trend:

Mastercard şirkətin Türkiyə və Azərbaycan üzrə baş meneceri
Avşar Gürdal, Türkiyə və Azərbaycan üzrə Konsultant
vitse-prezidenti Mehmet Gülez və Azərbaycan üzrə ölkə meneceri Emil
Zeynalovun iştirakı ilə “JW Marriott” otelində ilin yekunlarına
həsr edilən illik mətbuat konfransı keçirib.

Dünya durmadan dəyişir və rəqəmsallaşmaya doğru irəliləyir və
Mastercard Azərbaycanda rəqəmsallaşma prosesinin əsas
iştirakçılarından biridir, ölkədə nağdsız ödənişlərin həcmini və
maliyyə savadlılığını artırmaq məqsədilə müştərilərin rahatlığı
üçün müxtəlif maliyyə həlləri təklif edir.

Mətbuat konfransında Mastercard ödəniş texnologiyaları və
maliyyə xidmətləri sahəsində mühüm aspektləri və yenilikləri
müzakirə edib, Azərbaycanda maliyyə xidmətlərinin daha əlçatan
olmasını təmin edəcək innovativ layihə və proqramları təqdim edib.
Həmçinin, şirkətin müştəri məlumatlarının qorunması, onlayn və
oflayn sferalarda saxtakarlığın qarşısının alınması məqsədilə
həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə
toxunulub.

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə baş meneceri Avşar
Gürdal tədbirdəki çıxışı zamanı qeyd edib ki, Azərbaycan bazarı ən
strateji bazarlardan biridir və ölkədəki istehlakçılara xas unikal
xüsusiyyətləri var.

“Azərbaycanda istənilən yeni texnologiyanın adaptasiya prosesi
dünyanın istənilən bazarı ilə müqayisədə qat-qat sürətlə gedir.
Təbii ki, tənzimləyi qismində çıxış edən, bütün yenilikləri fəal
şəkildə dəstəkləyən Azərbaycan Mərkəzi Bankının bu işdə rolu
böyükdür. Məhz bu tendensiyanın nəticəsidir ki, Azərbaycanda
rəqəmsallaşma səviyyəsi cəmi 8 il əvvəlki 5%-lə müqayisədə artıq
31%-ə çatıb”, deyə Avşar Gürdal bildirib.

“Mastercard Azərbaycanda maliyyə həlləri yaratmaq və onları
inkişaf etdirmək, maliyyə savadlılığını artırmaq üçün yerli maliyyə
institutları ilə işləməyə davam edir. Xüsusilə, Azericard ilə
əməkdaşlıq, ən böyük kinoteatrlar şəbəkəsinin “CineMastercard”
olaraq rebrendinqi, Masterpass xidmətinin əhatə dairəsinin
genişləndirilməsi, tokenizasiya sərmayələri maliyyə inklüzivliyini
inkişaf etdirmək üçün Azərbaycanda ən son texnologiyaların tətbiqi
prosesinə sadiqliyimizi sübut edir”, deyə Mastercard-ın
Azərbaycandakı nümayəndəsi Emil Zeynalov öz növbəsində qeyd
edib.

“2024-cü il üçün məqsədimiz Azərbaycanın informasiya xidmətləri
sahəsində regional mərkəzə çevrilməsinə töhfə vermək üçün
əməkdaşlığı dərinləşdirmək, dünya üzrə əldə etdiyimiz bilik və
təcrübəmizi buradakı tərəfdaşlarımıza ötürməkdir”, deyə
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Konsultant
vitse-prezidenti Mehmet Gülez mətbuat konfransı zamanı deyib.

Çıxışçılar həmçinin Azərbaycanda Mastercard ödəniş
texnologiyalarının tətbiqi ilə elektron ticarətin hazırkı vəziyyəti
və inkişaf perspektivlərini, həmçinin Azərbaycan bazarında gələcək
inkişaf planlarını və qarşıdakı illərdə strateji fəaliyyət
istiqamətlərini müzakirə ediblər.