
Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli
Qurum) dünyanın ən böyük sənaye sərgilərindən olan Hannover
Messe-də iştirak edib. Cari ilin 22-26 aprel tarixlərində
Almaniyanın Hannover şəhərində keçirilən sərgi iştirakçı və
ziyarətçi sayına, habelə miqyasına görə dünyada ön sıralarda yer
alır.
Müxtəlif ölkələrdən nəhəng şirkət və investorların iştirak
etdiyi sərgidə Səlahiyyətli Qurum ayrıca stendi ilə çıxış edərək
ziyarətçiləri Ələt Azad İqtisadi Zonasında investorlar üçün
yaradılmış əlverişli işgüzar mühit barədə məlumatlandırıb.
Belə ki, sərgi çərçivəsində Səlahiyyətli Qurumun nümayəndələri
Almaniya, Çin, Türkiyə, Yaponiya, Hindistan, Cənubi Koreya və digər
ölkələrin investorları ilə görüşərək, Ələt Azad İqtisadi Zonasının
unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər
paketi, nəqliyyat və logistika xidmətləri, istifadəyə hazır
ərazi-daxili və ərazi-xarici infrastruktur və
mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq
sahələri və digər imkanları haqqında onlara geniş məlumat verib və
sözügedən iş adamlarını öz istehsal müəssisələrini yaratmaq üçün
Ələt Azad İqtisadi Zonasına dəvət edib.



























