
Bakı. Trend:
2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi
6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon,
idxalımız isə 2 milyard 446 milyon dollardır. Bu müddətdə xarici
ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15
faiz, o cümlədən, idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin
eyni dövrü ilə müqayisədə, faktiki qiymətlərlə 30,1 faiz, real
ifadədə 36,9 faiz azalaraq 455 milyon dollar təşkil edib.
“Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında
neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə
müqayisədə, kəskin fərq olmayıb. Belə ki, Brent markalı neftin bir
barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fevral ayında
82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar
olub. 2023-cü ilin ilk 2 ayında 82.65, builki dövr üçün isə 81.8
dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi, neftin dünya bazar
qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor
olmayıb.
Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət
dövriyyəsində azalmaya gətirib çıxarıb. Neft hasilatı bu müddətdə
6.7 faiz azalıb. Azərbaycan ixracatının 90 faizə yaxınını neft və
qaz ixracatı təşkil etdiyi bu ümumi ticarət dövriyyəsində azalmalar
müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də,
dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə
bağlıdır.
Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının
azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib.
İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz
ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi
prioritet olaraq qalmaqdadır”, – deyə V.Bayramov əlavə edib.



























