
Bakı. Trend:
Ölkə başçılarının rəsmi dövlət səfərləri dövlətlərarası
münasibətlər sistemini daha da möhkəmləndirir. Azərbaycan
müstəqil dövlət elan edildikdən sonra dünyanın əksər dövlətləri
Azərbaycanı rəsmən tanıdı və ölkəmizlə ikitərəfli əlaqələr
yarandı. 44 günlük Vətən müharibəsindən sonra isə bu əlaqələr daha
etibarlı səviyyədə möhkəmləndi.
Azərbaycanla Almaniya arasında olan əlaqələr də bu baxımdan da
diqqəti çəkir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 26 aprel tarixində Almaniyaya rəsmi səfəri də bu
xarakterdə oldu. Səfər zamanı təşkil edilən mətbuat konfransında
cənab İlham Əliyevin çıxışı istər səfərin məqsədi haqqında, istərsə
də Azərbaycan və Almaniya münasibətlərinin hansı formada davam
edəcəyi haqqında informativ məlumat oldu.
Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki,
“Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf
dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir.
Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm
də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük
əhəmiyyət kəsb edir”. Cənab İlham Əliyevin bu çıxışı təkcə Almaniya
və Azərbaycan dövlətləri arasında əlaqələri deyil, eyni zamanda
regionu əhatələyir.
Cari ilin 26 aprel tarixində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasına
işgüzar səfəri zamanı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək
Səviyyəli Seqmentində iştirak edərək bir çox mühüm məsələlərə
toxunmuşdur.
Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “COP29-a ev
sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün
həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin
Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji
sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət
bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil
etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm
ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq
əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri
arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də
onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.
Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəni
Qoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizi
nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil
qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir
çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz
COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq
və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım
göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma
bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını
yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər
uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan
“Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr
imzalayıb, yaxud qəbul edib.
Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr
bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır.
Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq
məsuliyyət lazımdır”. Qeyd etmək lazımdır ki, COP29-un ölkəmizdə
keçirilməsinə dünya dövlətlərinin yekdilliklə səs verməsi və
ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Azərbaycan dünyada
baş verən iqlim dəyişikliyinə, yaşıl enerjiyə keçidi ilə əlaqədar
çox önəmli işlər görür və yaşıl enerji istehsalı sahəsində böyük
layihələr icra edilməsinə imza atır. Bu istiqamətdə işlər ölkəmiz
tərəfindən uğurla davam etdirilir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl zona elan
edilmiş və ərazilərimizin şəhəri, kəndləri ağıllı şəhər və ağıllı
kənd prinsipləri əsasında yenidən qurulur. Ölkə başçısı cənab İlham
Əliyevin Almaniyaya işgüzar səfəri zamanı “15-ci Petersberq İqlim
Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakını ölkəmiz adına
növbəti tarixi hadisə hesab etmək olar.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























