Advertisement

Azərbaycanda yeni iş yerləri açılacaq – Deputat AÇIQLADI

Bakı. Trend:

Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi
güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox
qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv
şəkildə həyata keçirilməsinə imkan verəcək.

Bunu Trend-ə Milli
Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu güzəştin məqsədi həm fiziki, həm də hüquqi
şəxslərin prosesdə iştirakını stimullaşdırmaqdır.

“Bu, həm də tədbir keçirilən müddətdə daha çox xidmətlərin
təklif edilməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, əhalinin
məşğulluğu baxımından vacibdir. Çünki qeyri-rezidentlərin bu
xidmətləri göstərən zaman yaratdıqları iş yerlərində Azərbaycan
vətəndaşları çalışacaq. Bu baxımdan, vergi güzəştləri yeni iş
yerlərinin açılmasına səbəb olacaq”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq
edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli
Məclisin aprelin 23-də keçirilən iclasında birinci oxunuşda qəbul
edilib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim
edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb
olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində
əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir
vergisindən azad edilir.