
Bakı. Trend:
Fevralın 1-də Milli Məclisin Çexiya ilə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvləri Çex Respublikası parlamentinin
Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə bildiriblər ki, işçi qrupunun rəhbəri Elnur Allahverdiyev
ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası
münasibətlərin önəmi, hər iki ölkənin parlamentində dostluq
qruplarının fəaliyyət göstərməsinin əhəmiyyəti, mütəmadi qarşılıqlı
səfərlərin həyata keçirilməsinin vacibliyi barədə danışıb. O,
Azərbaycanın suverenliyini tam bərpa etdiyini, ölkəmizin davamlı
sülh və sabitliyin tərəfdarı olduğunu və Ermənistana sülh
müqaviləsinin imzalanması təklifini irəli sürdüyünü diqqətə
çatdırıb.
Görüşdə iştirak edən işçi qrupun üzvləri Azər Kərimli, Soltan
Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Jalə Əhmədova və
Nurlan Həsənov digər ölkələrin Ermənistanla Azərbaycan arasında
sülhə və münasibətlərin normallaşmasına dəstək verməsinin
vacibliyi, Qərbi azərbaycanlıların hüquqlarının bərpası,
delimitasiya və demarkasiya prosesi barədə fikirlərini
bölüşüblər.
Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ölkəsinin
Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinin tərəfdarı
olduğunu bildirib, iki ölkənin gələcəyə baxacaqlarına inamını ifadə
edib.
Söhbət zamanı qonaq Çexiya ilə Azərbaycan arasında müxtəlif
sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair
fikirlərini bildirib.
Sonra qonaqlara Qarabağın işğaldan əvvəl və sonrakı vəziyyəti,
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan
ərazilərində törətdiyi vandallıqlar barədə slaydlar nümayiş
etdirilib.





























