
Bakı. Trend:
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin
energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə
qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Hüseyn Hüseynov “X” sosial
şəbəkəsindəki səhifəsində məlumat verib.
“Görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli
və tranziti məsələləri diqqət mərkəzində olub. SOCAR-ın
Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın
inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması
imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə
edilib”, – paylaşımda deyilir.



























