Advertisement

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar
vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə
şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə
regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanı
səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən,
küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul
olan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq
yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların
diqqətinə çatdırıblar. Baş İdarə əməkdaşları tərəfindən qanunsuz
küçə ticarəti ilə məşğul olan və qanunsuz reklam lövhələri
yerləşdirən şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət
göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola
axıdılması və bir neçə mağazanın yanında məişət tullantılarının
qalaqlanması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum
olub.

Həmin obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və
barələrinə qanuna müvafiq tədbir görülüb.