
Bakı. Trend:
2024-cü ilin ilk rübündə Cənubi Koreyanın “Samsung Electronics”
korporasiyasının əməliyyat gəliri ötən ilin analoji dövrü ilə
müqayisədə 10 dəfə artaraq 4,8 milyard dollara yüksəlib.
Trend xəbər verir ki, kompaniyanın ümumi gəliri “Galaxy S24”
smartfonlarının kütləvi satışı və yaddaş çiplərinin bahalaşması
sayəsində 71,9 trilyon vona (52 milyard dollara) çatıb.
2023-cü ilin birinci rübündə “Samsung Electronics”
kompaniyasının əməliyyat gəliri 463 milyon dollar təşkil etmişdi.
Şirkətin yarımkeçirici bölməsi 2022-ci ilin dördüncü rübündən bəri
ilk dəfə mənfəət gətirə bilib.
Analitiklər cari ilin ikinci rübündə də biznes şəraitinin müsbət
qalacağını gözləyir. Ekspertlərin fikrincə, makroiqtisadi
tendensiyalar və geosiyasi məsələlərlə bağlı dəyişkənliyə
baxmayaraq, generativ süni intellektə tələb azalmayacaq.





























