
Ər-Riyad. Trend:
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD)
“Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Anlaşma Memorandumu
imzalayıb.
Trend xəbər
verir ki, imzalanma mərasimi Ər-Riyadda İslam İnkişaf Bankı
Qrupunun (İİB) illik müşavirələri çərçivəsində baş tutub.
Bu əməkdaşlıq ICD-nin öz Azərbaycanda iştirakını
dərinləşdirməklə və özəl sektorun təşəbbüslərinə dəstək verməklə
dayanıqlı iqtisadi artıma və çiçəklənməyə imkan yaratmaq səylərini
vurğulayır.
Bundan başqa, ICD həmçinin Rabitəbank ilə Azərbaycanda
maliyyələşdirmə xəttinə dair saziş imzalayıb. Sazişə əsasən, ICD
bankı 15 milyon ABŞ dolları dəyərində şəriətə uyğun maliyyələşdirmə
xətti ilə təmin edəcək ki, bu da Azərbaycanda kiçik və orta
biznesin maliyyələşdirilməsi və dəstəklənməsinə yönələcək.
Bu, ICD-nin bütünlükdə MDB regionundakı üzv ölkələrdə yerli
biznesin imkanlarının genişləndirilməsinə və özəl sektorun artımına
dəstəyə sarsılmaz sadiqliyini bir daha vurğulayır.
Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.
2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks
etdirir.
Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.
Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edir.
Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)

























