
Bakı. Trend:
Hər bir kəs özündən sonra qoyub getdiyi həyat əhəmiyyətli
yaratdıqlarının hesabına həmişə yad edilir, xatırlanır və hər yerdə
yaratdıqlarına istinad edilir.
Belə şəxsiyyətlərdən biri də hər bir kəsin Tofiq müəllim kimi
tanıdığı, ömrünü öz xalqının ana dilinin – Azərbaycan türkcəsinin
keçdiyi yolu qarış-qarış izləyən, ümumtürk dünyasında həmişə
barmaqla göstərilən akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.
May ayının 1-i bu görkəmli şəxsiyyətin anadan olduğu gündür.
Yaşasaydı bu gün 88 yaşı tamam olacaqdı. Onu da deyim ki, bu
görkəmli şəxsiyyət 1 may 1936-cı ildə Qarabağ mahalında, Cəbrayıl
rayonunun Soltanlı kəndində anadan olmuş, 27 noyabr 2016-cı ildə
vəfat etmişdir. Görkəmli alim İkinci Fəxri xiyabanda dəfn
olunmuşdur.
Dünyanı dərk edib başa düşəndən qələmini silaha çevirib öz
dilinin qədimliyi, saflığı və Qafqazda aparıcı dil olduğunu sübut
etmək üçün bu sahəyə aid onlarla kitab və yüzlərlə məqalə yazıb çap
etdirmişdir. Onun yaradıcılığının geniş bir hissəsini Azərbaycan
ədəbi dilinin tarixinə həsr etdiyi “Azərbaycan ədəbi dilinin
tarixi” dərsliyi təşkil edir. Dərslik iki hissədən (iki kitabdan
ibarətdir) və son nəşri Azərbaycan Respublikası təhsil nazirinin
10.07.2012-ci il 1325 saylı əmri ilə təsdiq edilərək həmin ildə
“Elm” nəşriyyatı tərəfindən çap edilmişdir.
Dərsliyin birinci hissəsi “Ön söz” və “Fənnin mövzusu və bir
neçə anlayış haqqında”, “Azərbaycan dili terminoloji anlayışı,
etnik mənşəyi, ən qədim izləri və təşəkkülü”, “Azərbaycan ədəbi
dilinin dövrləri”, “Dədə Qorqud kitabı”nın dili” və sair
bölmələrdən ibarətdir.
Bunun ardınca akademik Azərbaycan xalqının yaşadığı tarixi
dövrlərdə ədəbi dilinin hansı göstəricilər üstündə bərqərar
olduğunu dəqiq göstərmək üçün bu dilin keçdiyi tarixi yolu müxtəlif
əsrlərə bölərək tədqiq edib araşdırmışdır.
Dərsliyin bölmələrindən biri XIII-XVI əsrlər ədəbi dili adlanır.
Bu bölmədə müəllif ilk olaraq XII-XIII əsrlərdə Azərbaycan dilinə
digər dillərin təsirindən söhbət açır və yazır: “Artıq XIII əsrdən
başlanan yeni mərhələdə ərəb, fars dillərindən türkcəmizə güclü
lüğət axını özünü göstərir. Bununla da alınmaların türkcəmiz
tərəfindən mənimsənilməsi, özününküləşdirilməsi prosesi gedir. Xalq
dili də, ədəbi dil də sınaq qarşısında durur”.
Akademik Azərbaycan türkcəsinə müxtəlif dövrlərdəki təsirlərə
həmin dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılığına istinad
etməklə qiymət verir və zərgər dəqiqliyi ilə hesablayaraq hansı
əsrdə dilimizə əcnəbi sözlərin daha çox daxil olduğunu nümunələr
əsasında qeyd edir.
Məsələn, müəllif XIV əsrin görkəmli söz ustası İzzəddin
Həsənoğlunun iki qəzəlini götürüb həmin qəzəllərdə işlənən sözlərin
ümumi sayının neçəsinin əsl türk, neçəsinin alınma söz olduğunu
qeyd edərək yazır: “XIII əsrdən Həsənoğlunun əlimizdə olan
qəzəllərindən ikisinin lüğət tərkibinə diqqət yetirək. Qəzəllərin
dilində 100 söz var. Bunlardan 59-u türk, 41-i ərəb-fars
sözləridir”.
Akademikin apardığı hesablamadan dilimizin saflığının XIII əsrdə
hansı vəziyyətdə olduğu açıq-aydın ortaya çıxır. Ərəb istilasından
sonra xalqımızın özü ilə bərabər, dilimizin də hansı dərəcədə
istilaya məruz qalması müəllifin bu hesablamasında açıq şəkildə
özünü göstərir. Tofiq Hacıyev Həsənoğlunun qəzəllərinin hamısında
ərəb və fars sözlərinin türk sözləri ilə eyni nisbətdə
işlənmədiyini apardığı tədqiqatın nəticəsi kimi ortaya çıxararaq
yazır: “Qəzəllərdə türkcə və ərəb-farsca sözlərin nisbəti
müxtəlifdir. “Apardı könlümü…” qəzəlində 47 sözdən iyirmisi
türkcə, iyirmi yeddisi ərəbcə, farscadır – türkcə ümumi lüğətin
42,5 faizidir. “Necəsən, ey gül üzü ağum…” qəzəlində 68 sözdən
cəmi on altısı ərəbcə, farscadır – türkcə ümumi lüğətin 76, 5
faizidir. Bütövlükdə hər iki qəzəldə lüğətin 59 faizi
türkcədir”.
Digər əsrlərdə (XIII, XIV, XV, XVI) yazılan əsərlərin tipoloji
cəhətdən uyğun gəldiyini qeyd edən müəllif, eyni zamanda, bu
əsrlərdə yaranan ədəbi nümunələrin bir-birindən müəyyən dərəcədə
fərqli olduğunu, fərqləndiyini də qeyd edir.
Ərəb istilasından sonra monqol işğalına da məruz qalan xalqın
dilində yenə də yeni gəlişmələr baş verməyə başlayır. İşğala məruz
qalan xalqların danışdığı dilə işğalçı xalqların dillərinin
göstərdiyi mənfi təsiri qeyd edən akademik bununla bərabər, işğala
məruz qalan xalqların həyatında bəzən müsbət xüsusiyyətlərin
olduğunu da qeyd edir. Müəllif bununla bağlı yazır: “XIII əsrə
(monqollara) qədər ancaq əski Midiya–Atropaten ərazisinə, indiki
təbirlə ölkəmizin cənubuna Azərbaycan deyirdilər, şimalı, əski
Albanıyanı Arran, Şirvan və s. kimi tanıyırdılar. Məhz monqollar
Şimalı və Cənubu birləşdirib, hər ikisinə birlikdə Azərbaycan
dedilər”.
Tofiq Hacıyev yadelli işğalçıların təsirlərinə baxmayaraq
türkdilli şeir nümunələrinin öz ənənələrinə qoruyub saxladığını
belə səciyyələndirir: “Uzun illər boyunca ərəb və farsların,
sonradan isə monqolların işğalı altında əzilməsinə baxmayaraq XIII
əsrdən tarixi, ictimai-siyasi şəraitlə bağlı ölkədə ədəbi dilin
üçləşməsi müşahidə olunur. Ərəb-fars dilləri ilə yanaşı Azərbaycan
dili də dövlət, sənət və elm dili kimi işlənmək hüququ
qazanır”.
Müəllif XIII əsrdən başlayaraq Azərbaycandilli ədəbi dil
nümunələrinin Nəsiminin yaradıcılığında kamil şəkildə ortaya
çıxması məsələsini də diqqətə çatdırır. Akademik Nəsimi
yaradıcılığının ədəbi dilin püxtələşməsi işində xüsusi rola malik
olduğunu qeyd edir və bununla bağlı yazır: “Nəsimi dilində ərəb,
fars lüğəti ilə müqayisədə türkcənin Füzulidən üstünlüyü, həm də
onun şeirlərinin təbliğat məqsədi ilə bağlı idi: Nəsimi şeirini
yayan, təbliğ edən dərvişlər aşıqlar, ozanlar kimi camaat içində
olur, sözlərini üz-üzə insanlara deyirdilər. Şeirini yazanda Nəsimi
bunu düşünürdü”.
Dərsliyin digər bir bölməsi “XV-XVI əsrlər (ədəbi) dili”
adlanır. Bu bölmədə müəllif “XVI əsr Azərbaycan ədəbiyyatının
istedadlı lirik şairi, XVI əsr Səfəvilər dövlətinin yetişdirdiyi
böyük Füzulidən söhbət açır. Onun sənət müəlliminin Şah İsmayıl
sarayının məlikiş-şüərası Həbibi olduğunu qeyd edir. Və eyni
zamanda göstərir ki, “İraq məhz M.Füzulinin zamanında Osmanlı
imperiyasının tərkibinə daxil oldu”.
Müəllif yenə də kitabın həmin bölməsində Xətai hakimiyyəti
dövründə müxtəlif şəhərlərdə müxtəlif şairlər məclisinin fəaliyyət
göstərdiyindən söhbət açır. Cahan şah Həqiqi sarayında
Azərbaycandilli və farsdilli şairlərin, Şah İsmayıl sarayında isə
Həbibinin başçılıq etdiyi şairlər məclisinin fəaliyyət göstərdiyini
tarixi faktlara əsaslanaraq qeyd edir. Bütün bu deyilənləri
yekunlaşdıraraq Tofiq Hacıyev yazır: “Şah İsmayıl hakimiyyəti və
Füzulinin sənət dili Azərbaycan ədəbi dilini ən qüdrətli türkcə
kimi qeyd edir”.
Azərbaycan ədəbi dilinin üslublarının bu dövrdə formalaşıb
bitkin bir forma alması da bu bölmədə geniş şəkildə qeyd edilir.
Müəllif apardığı araşdırmalardan belə bir nəticəyə gəlir ki, “ədəbi
dil xalq dilindən seçilən fonetik, leksik, qrammatik faktların
vahid orfoqrafik və orfoepik tələblər çərçivəsində
təzahürüdür”.
Dərsliyin digər bölmələrində ilkin olaraq Qurbaninin, onun
ardınca isə Xətainin anadilli şeirləri haqqında söhbət açılır və bu
dövrdə poetik nümunələrlə yanaşı, nəsr əsərləri nümunələrinin
yarandığı haqqında məlumat verilir.
Kitabın “XVII-XVIII əsrlərdə ədəbi dil” bölməsində isə bədii
üslub, Qövsi Təbrizi və M.P.Vaqifin dili haqqında geniş məlumat
verilir. Burada nəsr dili elmi üslub və rəsmi epistolyar üslub
məsələləri də ayrı-ayrı bölmələr şəklində verilir və geniş şəkildə
aydınlaşdırılır. XVII-XVIII əsrlər ədəbi dili haqqında düşünən
müəllif yazır: “XVII-XVIII əsrlərdə də tarixi şərait, iqtisadi,
siyasi vəziyyət, dövlətçiliyin səviyyəsi ədəbi dilin varlığına,
inkişafına öz möhürünü vurur. XVI əsrin sonu, XVII əsrin
əvvəllərindən Səfəvilər dövlətinin keçirdiyi böhran nəticəsində
Azərbaycan ədəbiyyatı yuxarıdan himayəsini itirir və ədəbi dil
dövlət nəzarətindən çıxır”.
“Azərbaycan ədəbi dilinin tarixi” dərsliyinin II cildində isə
ilk əvvəl XIX əsrin tarixi-mədəni şəraitindən, həmin əsrin ədəbi
dilindən, dövrün elmi-dilçilik mühitindən fonetik, leksik və
sintaktik normalardan söhbət açılır və hər bir məsələdən bədii
nümunələrə əsaslanaraq bəhs edilir.
XIX əsrdə yaranan bədii əsərlərdə üslub mənzərəsinin necə
olduğundan söhbət açılır və bu barədə yazılır: “Üslub mənzərəsi
dövrün ədəbi dilində özünəməxsus xüsusiyyətləri, yeniliyi, eyni
zamanda istisnaları ətalətlə davam edib kommunikativ fakta
çevrilməyən elementləri əyani əks etdirir.”
Dərsliyin “Folklor danışıq dilinin davamı” adlı bölməsində isə
Vaqif məktəbinin şimaldakı davamçısı Qasım bəy Zakir, cənubdakı
davamçısı Əbdülqasım Nəbatidən danışılır. Müəllif bu dövrdə
yaşayıb-yaradan müəlliflərin əksəriyyətinin şifahi xalq ədəbiyyatı
ənənələrindən qidalandığı məsələsini və digər məsələləri qabarıq
şəkildə nəzərə çarpdırır. Digər bölmələrdə isə A.A.Bakıxanov,
S.Ə.Şirvani və M.F.Axundzadənin bədii dili araşdırılır. Q.Zakirin
“dilinə” xüsusi bir bölmə həsr edən akademik T.Hacıyev onun
yaradıcılığı haqqında deyir: “Q.Zakir bədii nitqi ilə, bir
tərəfdən, Vaqif demokratizminin davamçısı, digər tərəfdən, Mirzə
Fətəlinin yeni sənət dilinin bilavasitə başlanğıcıdır”.
Dərsliyin digər bir bölməsi isə “Seyid Əzim Şirvaninin dili”
adlanır. Bu bölmədə akademik Tofiq Hacıyev müəllifin əsərlərindən
götürülən nümunələri təhlil edib aydınlaşdırır. S.Ə.Şirvani
yaradıcılığının Xətai və Axundov yaradıcılığı arasında bir körpü
rolunu oynadığını qeyd edir. Bunu nəzərə alan akademik yazır:
“S.Ə.Şirvani klassik kitab dilini ikili şəkildə davam etdirir: O,
şeirdə də, nəsrdə də həm Füzuliçi kimi, həm də yenilikçi kimi çıxış
edir. Əlbəttə, yenilik daha çox fikrin məzmunu ilə bağlıdır”.
Dərsliyin daha bir bölməsi diqqəti xüsusilə cəlb edir. Bu,
Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuş, həm dramaturq, həm
şair, həm publisist, həm də nasir kimi özünə şöhrət qazanmış,
ömrünü “komediyalarımıza” həsr etmiş “M.F.Axundzadənin bədii dili”
adlanır. Bu bölmədə Mirzə Fətəlinin hansı səviyyədə insan olması
müxtəlif bənzətmələrlə oxuculara çatdırılır. Axundzadə kimi bir
şəxsiyyətə sahib olan xalqı bəxtəvər, sayılıb seçilən xalq
adlandırır və bununla bağlı yazır: “M.F.Axundzadə bütün təfəkkür
hüceyrələri ilə yenilikçidir. O, təkcə ədəbiyyatımızda deyil,
bütövlükdə mədəniyyət tariximizdə era başlıyır. V.Q.Belinskinin
Lomonosov haqqında “bu bizim ilk universitetimizdir” təyini
Azərbaycan mədəniyyəti tarixində M.F.Axundzadəyə düşür. O,
dramaturgiyamızı başladı, nəsrimizi yeni məcraya saldı, ilk dəfə
ədəbi dil nəzəriyyəsi ilə məşğul oldu, orfoqrafiya, orfoepiya,
durğu işarələri, terminologiya kimi dil quruculuğu işləri gördü,
əlifba ilə bağlı ideyası və fəaliyyəti dil quruculuğu dairəsindən
çıxıb xalqın bütöv maarif, pedaqogika və mədəniyyət sahələrini
əhatə etdi.”
Kitabın digər bölmələri Azərbaycan ədəbi dilinin üslublarına
həsr edilmiş, norma və üslublar haqqında geniş danışılmışdır.
Dərsliyin “Norma və üslublar” bölməsində Azərbaycan ədəbi
dilinin əsas üslublarından bədii üslub, publisist üslub, elmi
üslub, şəriət üslubu və rəsmi-epistolyar üsluba aid nümunələr
müxtəlif yazıçı və şairlərin əsərlərindən mətnlər ilə verilmiş,
norma və üslubi baxımdan şərh edilmişdir. Dərsliyin sonunda ardıcıl
olaraq Azərbaycan Xalq Cümhuriyyəti, həm də sovet dövründə
Azərbaycan ədəbi dilinin bütün istiqamətləri ətraflı şəkildə
işıqlandırılmışdır.
Dərslik müəllifinin ədəbi dil haqqında birinci kitaba yazdığı
“Ön söz”də söylədiyi fikirlər daha diqqətçəkəndir. Bununla bağlı o,
yazırdı: “Azərbaycan ədəbi dili qədim və zəngin türk yazılı ədəbi
dillərindən biridir. O, qədim və zəngin ümumtürk mədəniyyəti
bazasında, qardaş türk dilləri ilə qarşılıqlı əlaqədə dolğun
inkişaf yolu keçmişdir.
Akademik Nizami Cəfərov “Akademik Tofiq Hacıyev (Azərbaycan
filologiyası: inkişafın yeni mərhələsi)” mövzusunda Respublika elmi
konfransının materialları 02 noyabr 2016-cı il səh.4 adlı
məqaləsində bu barədə yazır: “Tofiq Hacıyevin elmi maraq dairəsinin
əsasını, heç şübhəsiz Azərbaycan dilinin tarixi təşkil edir ki, bu
sahədə onun gördüyü ilk (və ən fundamental)” iş “XX əsrin
əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda yazdığı doktorluq
dissertasiyasıdır.
Bu dərsliklə bağlı filologiya elmləri doktoru, professor Elbrus
Əzizov “Tofiq Hacıyevin elmi fəaliyyətinin əsas istiqamətləri” adlı
məqaləsində yazır: “Ədəbi dilin dövrləşdirilməsində normanın
dəyişməsi prinsipinin əsas götürülməsi kimi fikri ilk dəfə onun
1973-cü ildə Kişinyovda nəşr olunmuş “Azərbaycan ədəbi dilinin
tarixinin dövrləşməsi problemlərinə dair” adlı məqaləsində öz
əksini tapmışdır. Müəllif həmin məqalədə Azərbaycan ədəbi dili
tarixində 2 dövr müəyyənləşdirir.”
Digər bir dilçi alim, filologiya elmləri doktoru, professor
Sevil Mehtiyeva isə Tofiq Hacıyevin ədəbi dillə bağlı yazdığı
əsərlər haqqında fikrini belə ifadə edir: “Akademik Tofiq Hacıyev
Azərbaycan, ümumən, türkologiya elminin bütün sahələri üzrə öz
mükəmməl qələmini sınamış, Azərbaycan ədəbi dili tarixi, tarixi
qrammatika, tarixi leksikologiya, üslublar tarixi … ilə bağlı
kitablar, dərsliklər yazmış, Azərbaycan dilinin tarixi sahəsində
çox saylı alim yetişdirmiş, bu sahədə həm də məktəb yaratmış
müəllimdir.”
Filologiya üzrə fəlsəfə doktoru İslam Əliyev isə özünün
“Azərbaycan dilinin tarixi üzrə məktəb yaratmış alim” adlı
məqaləsində professor Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixi
ilə bağlı fəaliyyətini aşağıdakı kimi ifadə edir: “Azərbaycan ədəbi
dilinin təşəkkülü, formalaşması və dövrləşdirilməsi kimi vacib
problemlər Tofiq Hacıyev yaradıcılığının əsasını təşkil edirdi.
Filologiya fakültəsində Azərbaycan ədəbi dili tarixi üzrə
proqramların, dərsliklərin və dərs vəsaitlərinin hazırlanması
zəhmətkeş və məhsuldar qələm sahibi olan Tofiq Hacıyevin adı ilə
bağlı idi. Onun “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”
(1977), “Azərbaycan ədəbi dili (təşəkkül dövrü)” (1976),
“Azərbaycan ədəbi dili tarixi, II hissə” (1987), “XIII-XVI əsrlər
ədəbi dil tarixi”, “Azərbaycan ədəbi dili tarixi” (1991),
“Azərbaycan ədəbi dilinin tarixi” (I və II cildlər, 2012) … və s.
kitabları Tofiq Hacıyevin dil tarixinin bilicisi kimi həmişə
axtarışda olduğunu sübut edən faktlardandır”.
Görkəmli alim, böyük şəxsiyyət, savadlı olub bu sahədə öz sözünü
deməyə şəraiti olmayan gənclərə təmənnasız olaraq köməklik
göstərən, yetirmələrinin uğurlarını öz uğuru hesab edən bu
təkrarsız insanın – akademik Tofiq İsmayıl oğlu Hacıyevin özündən
sonra qoyub getdiyi əsərlərindən hələ neçə-neçə nəsillər
yararlanacaq və onun ruhu qarşısında özlərini borclu
sayacaqlar.
Sərdar Zeynal,
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının
professoru





























