
Bakı. Trend:
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və qlobal
təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel iclas başa
çatıb.
Trend xəbər verir ki, BMT Baş katibinin Sivilizasiyalar Alyansı
üzrə ali nümayəndəsi Migel Moratinos çıxışında BMT-də ali nümayəndə
təyin olunduğu zaman mandatının zorakı ekstremizmin aradan
qaldırılması ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki,
bu mövzuda keçirilən görüşlərdə müəyyən bəyanatlar verildiyini
görüb.
“Biz lazımi alətlər hazırlamalıyıq ki, insanların beynini
dəyişək. Bunu isə gənclər etməlidir. İnanmalısınız ki, daha yaxşı
dünya qurmaq mümkündür. Bu sahədə uğurlu olan həmkarlarımız var.
Əvvəlcə biz bəşəriyyəti qorumalıyıq. Hesab edirəm ki, yaşıl
cəmiyyət qurmaqdansa çoxrəngli cəmiyyət qurmağa üstünlük vermək
lazımdır. Biz birlikdə işləməliyik ki, paralel olaraq bəşəriyyəti
və cəmiyyəti qoruyaq”, – deyə o bildirib.
Nifrətə qarşı Xəbər Nəsli təşkilatının üzvü Hana Mibida
çıxışında Paris ətrafında kiçik qəsəbədən gəldiyini bildirib. O
qeyd edib ki, təhsil aldığı məktəblərdə zorakılıq mövzusunda
təlimlər keçirilməyib.
“Biz nifrətin nəticələri və cəmiyyətə təsirlərini öyrəndik. Gənc
iştirakçılar olaraq Nyu-Yorkda BMT-nın qərargahına getdik və
sənədli film hazırladıq. Nifrətə qarşı layihəyə 2001-ci ildə
qoşulub. Layihə jurnalistlərlə olan təlimlərdən ibarət idi. Biz
qadınlara qarşı nifrət, zorakılıq, ekstremizm mövzusunda təlimlər
keçirdik.
“Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması”
proqramının üzvü Atif Rəşid çıxışında Qəzza zolağında baş verən
müharibədə BMT-nin sülh quruculuğu prosesində diplomatik əlaqələr
qurmağı təmin etməsini tövsiyə edib
“Bu məsələdə BMT Təhlükəsizlik Şurasının da rolu böyükdür.
Hazırda vəziyyət olduqca mürəkkəbdir. Dinlərarası dialoqun
qurulması da bu məsələdə əsasdır. Burda ümid dolu bir atmosfer
yaradılmalıdır” – deyə A. Rəşid vurğulayıb.
COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki,
COP-28 zamanı yaradılan bu qrupun əsas məqsədlərindən biri də
gənclərin və xüsusilə uşaqların hüquqlarını və qanunla müdafiəsini
təmin etməkdir: “Biz gənclər olaraq planetin iqlim təhlükəsizliyini
təmin etmək üçün birləşməliyik. Qlobal iqlim dəyişikliyi hər kəsə
təsir edir, xüsusilə səhiyyə və ətraf mühitə dəymiş böyük ziyanın
qarşısını almaq üçün çalışmalıyıq. Çünki planetimizin xilası hər
kəsin xilası deməkdir. COP29-da bizim əsas məqsədimiz gənclərin
səsinin eşidilməsi, onların ətraf mühitin qorunmasına verə biləcək
töhfəni dəstəkləməkdir. Biz cəmiyyətin digər qrup nümayəndələrinin
də səsinin eşidilməsi üçün çalışırıq” – deyə COP29-un İqlim üzrə
gənclər çempionu vurğulayıb.
Qlobal idman proqramının üzvü Grasiyan Mkandavire deyib ki,
gəncləri daha çox dəstəkləmək, onların potensialını artırmaq
lazımdır.
Digər panel üzvləri də çıxışlarında zorakılıq və ekstremizmə
qarşı mübarizə ilə bağlı təcrübələrini və təkliflərini tədbir
iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq
söyləyib.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin
Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun
tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən
700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini
liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa
daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə
sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir
araya gəliblər.
Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12
panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq
mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni
irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə
edir.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad
edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir
çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların
keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın
işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət
üçün bir platforma yaratmaq fürsətidir.





























